Bakıda "Sağlam Gənclik – Güclü Gələcək" adlı tədbir keçirilib
Respublika Uşaq Kitabxanasında Gənclər Günü münasibətilə “Sağlam Gənclik – Güclü Gələcək” adlı tədbir təşkil olunub.
ERAmedia xəbər verir ki, tədbir Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova tədbirin əsas məqsədinin gənclərin şəxsi inkişafını dəstəkləmək, onların özünə inamını artırmaq və uğur yolunda düzgün istiqamətləndirilməsinə yardım göstərmək olduğunu deyib
Azərbaycan İdman Akademiyasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Müjgan Məmmədzadə, Mas-restlinq üzrə dəfələrlə Respublika çempionu və İdman akademiyasının cüdo üzrə müəllimi, kəmər imtahanları üzrə eksperti, Heydər Əliyev adına beynəlxalq turnirin mükafatçısı Mahir Talıbov, Azərbaycan Dillər Universitetinin müəllimi, gənc alim Ayşən Məmmədova, gənc kitabxanaçılar və mədəniyyət könüllüləri iştirak ediblər.
Çıxışlar zamanı qonaqlar gənclərin fiziki sağlamlığının, intellektual inkişafının və sosial məsuliyyət hissinin formalaşdırılmasının vacibliyini vurğulayıblar.
Tədbir iştirakçıları bu kimi görüşlərin gənclərin gələcəkdə daha sağlam, güclü və uğurlu fərdlər kimi yetişməsinə mühüm töhfə verdiyini bildiriblər.










