Bakıda sərbəst piramida üzrə Avropa çempionatına start verilib

Bakıda sərbəst piramida üzrə Avropa çempionatının rəsmi açılış mərasimi keçirilib.
ERAmedia xəbər verir ki, Bakı Olimpiya İdman Kompleksində təşkil olunan tədbirdə əvvəlcə milli musiqi nömrələri nümayiş olunub, ardınca Dövlət Himni səsləndirilib.
Bilyard üzrə Avropa çempionatının ikinci dəfə Azərbaycanda keçirildiyini xatırladan gənclər və idman naziri Fərid Qayıbov ölkəmizin son illərdə beynəlxalq idman yarışlarına uğurla ev sahibliyi etdiyini diqqətə çatdırıb: “Dövlət tərəfindən ölkə idmanına yüksək səviyyədə dəstək var. Bildiyiniz kimi, Bakı dünyanın idman paytaxtı seçilib. Bu cür mötəbər turnir ölkədə bilyardın inkişafına və beynəlxalq əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcək. Bütün iştirakçılara uğurlar arzulayıram”.
Avropa Piramida Federasiyasının və Latviya Bilyard Federasiyasının prezidenti Sergey Kolçov yarışın yüksək səviyyədə təşkil edildiyini bildirib. Kolçov buna görə təşkilatçılara təşəkkür edib. Onun sözlərinə görə, turnir canlı izlənilir və qiymətləndirilmə aparılır.
Azərbaycan Bilyard Federasiyasının prezidenti Seymur Məmmədov isə çıxışında yarışın ölkəmizdə bu idman növünün inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını, çempionatda Avropanın güclü idmançılarının mübarizə apardığını vurğulayıb.
Rəsmi çıxışlardan sonra Avropa çempionatı açıq elan olunub.
Qeyd edək ki, sərbəst piramida üzrə Avropa çempionatına iyulun 12-də yekun vurulacaq.









