media-6f7163a8-be13-439c-acfb-b086b090d8dd
media-bant_master

Bakıda elə yerlər var ki, həmin ünvanları küçə və prospekt adları ilə deyil, bir zamanlar mövcud olan adlarla çağırılır. Həmin yerlərdən biri də Bakı Tikiş Evinin olduğu ünvandır. Sovetlər dövründə Volodarski fabrikinin yerləşdiyi ünvan hələ də insanların çoxunun dilində köhnə adı ilə qalıb. Bəs Volodarski kim olub?

ERAmedia Volodarski barədə maraqlı məlumatları təqdim edir.

V.Volodarski XX əsr Rusiya inqilabının əsas fiqurlarından biri olub. O, gənc yaşında bolşevik hərəkatına qoşularaq inqilabi fəaliyyət göstərib.

Əsl adı Moisey Markoviç Qoldşteyn olan V.Volodarski 1891-ci ildə Ukraynanın keçmiş Volın quberniyasında (indiki Xmelnitsk regionu) yəhudi ailəsində doğulub.

1905-ci ildə Rusiyada fəhlələrin inqilabi hərəkatına qoşulub, 1908-ci ildə qısa müddətə həbs edilib. Azadlığa çıxdıqdan sonra yenidən siyasi fəaliyyətlə məşğul olub. 1911-ci ildə Arxangelskə sürgün edilib. Romanovların 300 illiyi münasibəti ilə 1913-cü ildə verilmiş amnistiyaya düşüb. Uzun müddət təqiblər onu ABŞ-a mühacirət etməyə və Filadelfiyada məskunlaşmağa məcbur etdi. Orada Beynəlxalq Dərzilər İttifaqında və Sosialist Partiyasında fəallıq nümayiş etdirib.

Birinci Dünya Müharibəsi illərində menşeviklərin tərəfinə keçsə də, sonradan solçulara qoşulub. 1916–1917-ci illərdə Nyu-Yorkda nəşr olunan “Novıy mir” (“Yeni dünya”) qəzetində dövlət büdcəsi üzrə redaktor Nikolay Buxarinin yanında çalışıb. 1917-ci ilin mayında Rusiyaya qayıdaraq Petroqrad Şəhər Dumasına üzv seçilib.

V.Volodarski 1917-ci ildə bolşeviklərə qoşularaq onların ən tanınmış natiqlərindən və təşviqatçılarından birinə çevrilib. 1917-ci ilin oktyabrında bolşeviklərin Rusiya hökumətini devirməsinə dəstək verib, Qriqori Zinovyev və Lev Kamenevin tərəfinə keçib. Oktyabr inqilabı zamanı Sovetlərin II Qurultayında Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinə üzv seçilib. Petroqradda “Qırmızı qəzet”in redaktoru və Şimal Kommunaları İttifaqının mətbuat işlərini idarə edib, bu isə ona geniş senzura səlahiyyətləri verib.

Tarixi mənbələrdə amansız bolşeviklərdən biri kimi vurğulanır. V.Volodarski 1918-ci il iyunun 20-də sui-qəsdə məruz qalıb. Petroqradda Obuxov fabrikində fəhlələrin üsyanını yatırmağa gedərkən Qriqori Semyonov tərəfindən öldürülüb. O, Sankt-Peterburqda dəfn edilib.

V.İ. Lenin onu “inqilabın qurbanı” adlandırıb. Məhz bu səbəbdən sovet ideologiyası onu 27 yaşında güllələnmiş gənc inqilabçı kimi təqdim edərək geniş şəkildə təbliğ edib.

Vural Həsənoğlu


media-adspc

Bənzər xəbərlər