media-17918157561751446996_1200x630

31 oktyabr – 6 noyabr tarixlərində Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti və Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Ürək transplantasiyası həftəsi” çərçivəsində silsilə tədbirlər keçiriləcək.

ERAmedia xəbər verir ki, tədbirlər Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, professor Kamran Musayevin rəhbərliyi ilə Azərbaycanda və Cənubi Qafqazda ilk donor ürək transplantasiyasının həyata keçirilməsinin birinci ildönümünə həsr olunur.

Həftə ərzində ürək transplantasiyası ilə bağlı maarifləndirmə işinin gücləndirilməsinə, ictimaiyyətin diqqətinin orqan donorluğunun əhəmiyyətinə yönəldilməsinə xidmət edən sosial aksiyalar, maarifləndirici görüşlər və “TRANSPLANT 360° – Diaqnostikadan transplantasiyaya” adlı elmi-praktiki konfrans təşkil ediləcək.

Həftənin əsas tədbirlərindən biri olan elmi-praktiki konfrans oktyabrın 31-də “Fairmont Baku – Flame Towers” hotelində keçiriləcək.

Konfransın əsas məqsədi orqan transplantasiyasının diaqnostikadan başlayaraq transplantasiyaya hazırlıq, donor seçimi, cərrahi müdaxilə və əməliyyatdan sonrakı müşahidəyədək bütün mərhələlərini elmi və praktiki aspektlərdən müzakirə etmək, bu sahədə əldə olunan nəticələri qiymətləndirmək və qarşıda duran çağırışları müəyyənləşdirməkdir.

Tədbirdə ölkənin müxtəlif tibb müəssisələrini təmsil edən ürək-damar cərrahları, ümumi cərrahlar, kardioloqlar, anestezioloq-reanimatoloqlar, nefroloqlar, qastroenteroloqlar, infeksionistlər, patoloqoanatomlar və digər ixtisaslar üzrə mütəxəssislər iştirak edəcəklər. Konfransda, həmçinin Böyük Britaniyada, Türkiyədə və Belarusda transplantasiya sahəsində ixtisaslaşmış mütəxəssislərin iştirakı nəzərdə tutulur.

Konfransın Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən akkreditasiya olunması nəzərdə tutulur.


media-adspc

Bənzər xəbərlər