Bakıda XII Beynəlxalq Kitab Sərgisi fəaliyyətə başladı
Oktyabrın 21-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində XII Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilir.
ERAmedia xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, hökumət rəsmiləri, həmçinin ədəbiyyat nümayəndələri və xarici qonaqlar iştirak edirlər.
“Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” devizi ilə təşkil edilən builki sərgidə 30 xarici ölkədən 59 təşkilat, eləcə də 147 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə təmsil olunur.
Tədbirdə Azərbaycanın Xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlarla yanaşı, Türkiyə, ABŞ, Norveç, İngiltərə, Polşa, Səudiyyə Ərəbistanı və digər ölkələrin görkəmli yazarları və elm adamları da iştirak edirlər.
Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərsləri, inklüzivlik və digər aktual mövzulara həsr olunmuş kitab təqdimatları, imza günləri, konfranslar, müsabiqələr, qiraət və musiqi saatları təşkil ediləcək.
Bakı Beynəlxalq Kitab Sərgisi mütaliə mədəniyyətinin təşviqi, yerli və xarici ədəbi mühit arasında əlaqələrin möhkəmləndirilməsi, eləcə də kitab sənayesi sahəsində əməkdaşlığın inkişafı üçün mühüm platforma rolunu oynayır.
Sərgiyə giriş ödənişsizdir.









