media-17146439724460541932_1200x630jpg-1714644431

Prezident İlham Əliyevin Qırğızıstanda “Mərkəzi Asiya–Azərbaycan” formatında dövlət başçılarının görüşündə iştirakı Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

ERAmedia xəbər verir ki, bunu Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri Aygün Attar deyib.

Fond sədri bildirib ki, “Mərkəzi Asiya–Azərbaycan” görüşü Bakının regionla münasibətlərində yeni statusun formalaşdığını nümayiş etdirir. Azərbaycan çox əmin addımlarla Mərkəzi Asiya ilə əməkdaşlıq edən tərəf mövqeyindən həmin geosiyasi məkanın qərarlarının hazırlanmasında iştirak edən strateji aktora çevrilir. Bişkekə səfər çərçivəsində Qırğızıstanla “Müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanması da nəzərdə tutulub ki, bu da Azərbaycan–Qırğızıstan münasibətlərində uzunmüddətli və ardıcıl siyasi fəaliyyətin nəticəsidir.

“Azərbaycan–Qırğızıstan münasibətləri bu mərhələyə çatmaq üçün tarixin böyük sınaqlarından keçib. 2022-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə, Dövlətlərarası Şuranın yaradılması, 2024-cü ildə qəbul olunmuş dərin strateji tərəfdaşlığa dair Birgə Bəyannamə və 2024–2029-cu illəri əhatə edən əməkdaşlıq proqramı gələcək müttəfiqliyin institusional bünövrəsini formalaşdırıb. Başqa sözlə desək, əvvəlcə siyasi iradə ortaya qoyuldu, ardınca onu işlək mexanizmlərə çevirəcək strukturlar yaradıldı, indi isə münasibətlərin ən yüksək hüquqi mərhələsinə keçid hazırlanır. Sənədin tarixi çəkisi isə onun hansı icra mexanizmləri ilə təmin olunacağında görünəcək”, – deyə fond sədri vurğulayıb.

A.Attar qeyd edib ki, bu prosesdə Orta Dəhliz xüsusi strateji əhəmiyyət daşıyır. Orta Dəhliz artıq Avrasiya boyunca iqtisadi suverenliyin və siyasi dayanıqlığın əsas xətlərindən birinə çevrilir. Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin Qırğızıstanı Xəzər hövzəsi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropa bazarlarına bağlaması Bişkek üçün yeni geoiqtisadi manevr imkanları yaradır. Azərbaycan isə bu əlaqədə tranzit ölkə rolu ilə kifayətlənməyərək logistikanın, investisiyanın, enerji axınlarının və rəqəmsal ticarətin koordinasiya mərkəzi statusunu gücləndirir.

Fond sədri hesab edir ki, bu səfərin Türk Dövlətləri Təşkilatı (TDT) üçün əhəmiyyəti ikitərəfli münasibətlərdən daha genişdir.

“İkitərəfli müttəfiqlik müqavilələri TDT daxilində paralel siyasi xətlərdən daha çox təşkilatın hüquqi və strateji bünövrəsini möhkəmləndirir. Türk dövlətləri arasında etimad səviyyəsi yüksəldikcə TDT sammit diplomatiyasından ortaq qərarların icra olunduğu funksional güc mərkəzinə çevrilə bilər. Türk dünyasının qarşısında tarixi inteqrasiya imkanı yaranıb. Türk dünyası tarix boyu siyasi parçalanmanın, iqtisadi əlaqəsizliyin və xarici güc mərkəzlərindən asılı kommunikasiya xətlərinin ağır nəticələrini yaşayıb. Bu gün isə qarşıda başqa imkan açılır: ortaq dil və yaddaşı ortaq bazara, ortaq nəqliyyat sisteminə, ortaq investisiya məkanına və koordinasiyalı siyasi iradəyə çevirmək. Bu inteqrasiya suverenliyin zəifləməsi anlamına gəlmir, əksinə, milli suveren imkanların birləşdirilməsi və xarici təzyiqlər qarşısında daha dayanıqlı hala gətirilməsi mənası daşıyır. Prezident İlham Əliyevin Qırğızıstana səfəri Türk dövlətləri arasında yeni əməkdaşlıq modelinin konturlarını daha da aydın göstərə bilər. Bu model klassik hərbi blok məntiqindən fərqlənir. Onun mərkəzində siyasi həmrəylik, iqtisadi qarşılıqlı asılılıq, nəqliyyat bağlantısı, enerji təhlükəsizliyi, müdafiə sənayesi əməkdaşlığı, mədəni yaxınlıq və koordinasiyalı diplomatiya dayanır”, – deyə o bildirib.

Aygün Attar qeyd edib ki, bu proses Türk dünyasının geosiyasi xəritəsində yeni reallıq formalaşdırır. Ən mühüm məqam isə bu xəritədəki geosiyasi boşluqların tədricən azalmasıdır. Azərbaycan Qafqaz ilə Mərkəzi Asiya arasındakı körpü, Qırğızıstan Şərqi Asiyaya açılan mühüm bağlantı, Türk Dövlətləri Təşkilatı isə bu böyük coğrafiyanın siyasi koordinat sistemi kimi formalaşır. Qarşıdakı mərhələnin uğuru imzalanacaq sənədlərin praktiki nəticələri ilə müəyyən olunacaq.


media-adspc

Bənzər xəbərlər