Balans dəyişir: Moskva Pekindən getdikcə daha çox asılı vəziyyətə düşür - ŞƏRH
Rusiya Prezidenti Vladimir Putinin Çinə səfəri fonunda Moskva-Pekin münasibətlərinin mahiyyəti yenidən beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Kremlin rəhbəri səfərdən əvvəl videomüraciətində iki ölkə arasındakı əlaqələrin görünməmiş səviyyəyə çatdığını bildirib.
Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, Putinin səsləndirdiyi fikirlər reallığı tam əks etdirmir və Rusiya-Çin münasibətləri getdikcə daha çox birtərəfli xarakter almağa başlayıb.
Onun sözlərinə görə, Russia 2022-ci ildə Ukraynaya qarşı müharibəyə başladıqdan sonra Avropa bazarını itirdiyi üçün neft və qaz ixracının böyük hissəsini Çinə yönəldib. Şərhçi qeyd edib ki, Rusiya 2024-cü ildə Çinə təxminən 129 milyard dollar dəyərində məhsul ixrac edib və bunun əsas hissəsini xam neft, kömür və təbii qaz təşkil edib.
Elxan Şahinoğlu vurğulayıb ki, müharibənin başladığı dövrdən indiyədək Çin Rusiyadan yüz milyardlarla dollar dəyərində enerji məhsulları alıb və Moskva bu satışları davam etdirmək üçün Pekinə ciddi endirimlər etməyə məcbur qalıb.
“Rusiya məhz Çindən əldə etdiyi maliyyə hesabına Ukraynaya qarşı müharibəni davam etdirmək imkanı qazanıb. Qərbdə belə hesab olunur ki, Pekin Moskvaya təzyiq göstərsə, Kreml müharibəni dayandırmağa məcbur qala bilər. Ancaq Çin Rusiyaya təsir göstərmək niyyətində deyil”, – deyə siyasi şərhçi bildirib.
Elxan Şahinoğlunun fikrincə, Çin birbaşa hərbi texnika ixracını məhdudlaşdırsa da, Rusiyaya milyardlarla dollar dəyərində ikili təyinatlı məhsullar və texnologiyalar göndərməkdə davam edir. O bildirib ki, bu məhsullar Rusiyanın müdafiə sənayesinin fəaliyyətini qoruyub saxlamasına və silah istehsalını davam etdirməsinə imkan yaradıb.
Şərhçi qeyd edib ki, ABŞ, Avropa Birliyi və Böyük Britaniyanın yarımkeçiricilər, mikroelektronika və digər strateji texnologiyaların Rusiyaya ixracına qoyduğu qadağalar Moskvanı Çin texnologiyalarından daha çox asılı vəziyyətə salıb.
“Elə bir vəziyyət yaranıb ki, Rusiya həm Çin bazarından, həm də Çin texnologiyalarından ciddi şəkildə asılı hala gəlib. Müharibədən sonra da bu asılılıq azalmaq əvəzinə daha da dərinləşəcək”, – deyə o əlavə edib.
Elxan Şahinoğlu hesab edir ki, Pekinin Rusiyanın məğlubiyyətində maraqlı olmamasının əsas səbəblərindən biri də ABŞ-la qlobal rəqabətdir. O, Çinin xarici işlər naziri Van İnin bir müddət əvvəl Brüsseldə səsləndirdiyi fikri xatırladıb: “Rusiya müharibədə məğlub olarsa, ABŞ Çini hədəf götürəcək”.
Siyasi şərhçinin qənaətincə, Pekin hesab edir ki, Rusiya-Ukrayna müharibəsinin davam etməsi ABŞ-nin diqqətinin böyük hissəsini Avropaya yönəldir və bu da Çinin artan geosiyasi gücünü məhdudlaşdırmaq imkanlarını zəiflədir.
Vural









