Ballıqaya faciəsini gələcək nəsillərə çatdırmalıyıq - Sevinc Hüseynova
1992-ci il avqustun 28-i Azərbaycan xalqının yaddaşına ən faciəli tarixlərdən biri kimi həkk olunub. Həmin gün Goranboy rayonunun Ballıqaya kəndində Laçın rayonundan olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı ərazi Ermənistan silahlı qüvvələrinin hücumuna məruz qalıb. Doğma yurdlarından didərgin salınmış, çadırlarda və müvəqqəti sığınacaqlarda yaşayan dinc insanlar səhər saatlarında silahlı hücuma məruz qalıblar. Nəticədə 24 mülki şəxs həyatını itirib, 9 nəfər yaralanıb. Həlak olanların arasında uşaqların, qadınların və yaşlı insanların olması bu cinayətin mahiyyətini və amansızlığını bir daha ortaya qoyur. Rəsmi istintaq materiallarında qətlə yetirilənlər arasında 18 yaşadək 7 nəfərin və 60 yaşdan yuxarı 4 nəfərin olduğu göstərilir.
ERAmedia xəbər verir ki, bu fikirləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova səsləndirib.
O bildirib ki, Ballıqaya faciəsini yalnız bir kənddə baş vermiş qətliam kimi qiymətləndirmək düzgün olmaz. Həmin hadisə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal və etnik təmizləmə siyasətinin tərkib hissəsi olan silsilə cinayətlərin davamı idi. Xocalı, Ağdaban, Qaradağlı və digər faciələr kimi Ballıqayada da əsas hədəf silahsız, müdafiəsiz mülki insanlar olub:“Xüsusilə vurğulamaq lazımdır ki, Ballıqayada qətlə yetirilən insanlar hərbçi deyil, ailələrinin dolanışığını təmin etmək üçün heyvandarlıqla məşğul olan sadə vətəndaşlar idi. Onlar Laçının işğalından sonra doğma yurdlarından didərgin salınmışdılar və müvəqqəti olaraq Goranboyda məskunlaşmışdılar. Ballıqaya faciəsinin ən ağrılı məqamlarından biri isə uşaqların və körpələrin belə qətliamdan xilas edilməməsidir. 6 aylıq körpənin, azyaşlı uşaqların və 93 yaşlı qadının öldürülməsi insanlıq əleyhinə törədilmiş cinayətin nə qədər amansız olduğunu göstərir. Həmin faciə bir daha göstərir ki, həmin illərdə Azərbaycana qarşı həyata keçirilən siyasətin məqsədi yalnız ərazilərin işğalı deyildi. Məqsəd həm də azərbaycanlı əhalinin tarixi torpaqlarından zorla çıxarılması, mülki əhalinin məhv edilməsi və xalqımızın iradəsinin qırılması idi”.
Sevinc Hüseynova vurğulayıb ki, artıq Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı tariximizin bu ağır səhifəsinə verilən ən mühüm cavablardan biridir. “Ballıqaya faciəsini unutmamaq bizim həm milli, həm də mənəvi borcumuzdur. Çünki tarix unudulanda faciələrin təkrarlanması təhlükəsi yaranır. Biz keçmişi xatırlamaqla yanaşı, gələcək nəsillərə bu hadisələrin həqiqətini çatdırmalı, şəhidlərin və günahsız qurbanların xatirəsini daim yaşatmalıyıq. Əminliklə deyə bilərik ki, Azərbaycan xalqına qarşı törədilmiş cinayətlər heç vaxt unudulmayacaq. Həmin faciələrə beynəlxalq hüquq çərçivəsində hüquqi və siyasi qiymətin verilməsi, cinayətkarların məsuliyyətə cəlb olunması ədalətin bərqərar olması baxımından mühüm əhəmiyyət daşıyır. Ballıqaya qətliamında həyatını itirən bütün günahsız soydaşlarımızın əziz xatirəsini dərin ehtiramla yad edir, onların ailələrinə və yaxınlarına Allahdan səbir diləyirik”, – deyə deputat diqqətə çatdırıb.









