Baş Klinik Hospitalda mürəkkəb uğurlu açıq ürək əməliyyatı olub
Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında hərbi qulluqçu üzərində mürəkkəb açıq ürək əməliyyatı uğurla həyata keçirilib.
ERAmedia-ya Müdafiə Nazirliyindən verilən məlumata görə, təngnəfəslik və döş qəfəsində ağrı şikayətləri ilə hospitala müraciət edən hərbi qulluqçunun müayinələri zamanı aortal qapağın ciddi çatışmazlığı, eləcə də aort kökü və qalxan aortanın genişlənməsi ilə müşayiət olunan anevrizma aşkarlanıb. Xəstə üzərində Bentall cərrahi əməliyyatı icra olunub. Əməliyyat zamanı aortal qapaq protezləşdirilib, aort kökü və qalxan aorta protez damar ilə əvəzlənib, tac arteriyalar yeni protez damara birləşdirilib.
Hazırda hərbi qulluqçunun vəziyyəti qənaətbəxşdir. O, özünü yaxşı hiss edir və həkim nəzarəti altında bərpa prosesini davam etdirir.










