Baş nazir aldığı hədiyyələri satışa çıxarır
İtaliyanın baş naziri Corciya Meloni dünya liderlərindən aldığı hədiyyələri xeyriyyə məqsədli hərrac vasitəsilə satışa çıxarmağa hazırlaşır.
ERAmedia xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Co Baydenin hədiyyə etdiyi keramik qabdan tutmuş Albaniyanın baş naziri Edi Ramanın ad günü üçün verdiyi şərfə qədər təxminən 270 adda əşya siyahıda yer alır. Hədiyyələrin ümumi dəyərinin təxminən 800 min avro olduğu bildirilir.
Meloni xarici səfərləri zamanı aldığı hədiyyələri Romada yerləşən “Bertolami Fine Art” hərrac evi vasitəsilə satışa çıxaracaq. Auksionda təxminən 270 əşyanın yer alacağı gözlənilir, lakin məhsulların tam siyahısı hələ açıqlanmayıb.
İtaliya mətbuatında yer alan xəbərlərə görə, hərraca çıxarılacaq hədiyyələr arasında bunlar var:
Albaniyanın baş naziri Edi Ramadan 46-cı ad günü hədiyyəsi olan şərf,
Hindistanın baş naziri Narendra Modidən ənənəvi Kerala geyimi,
Slovakiya prezidenti Peter Pelleqrinidən zərgərlik qutusu,
Macarıstanın baş naziri Viktor Orbandan porselen çay dəsti,
ABŞ-ın keçmiş prezidenti Co Baydendən keramik qab,
Ukrayna prezidenti Volodimir Zelenskidən planşet,
Liviya və ərəb ölkələrindən alınmış 15 ədəd xalça,
Səudiyyə-İtaliya İş Şurasının direktoru Kamel əl-Munacciddən mavi piton dərisindən ayaqqabılar,
Argentina prezidenti Xavyer Mileydən heykəl.
“Il Foglio” qəzetinin məlumatına görə, hədiyyələr hazırda Meloninin ofisinin üçüncü mərtəbəsində yerləşən anbarda kilidli şəkildə saxlanılır. Hərracın keçiriləcəyi tarix isə hələlik açıqlanmayıb.
Vural Həsənoğlu










