Baş nazir Trampa müraciət etdi: Təhdidləri dayandırın
Danimarka Donald Trampı Qrenlandiya ilə bağlı “təhdidləri” dayandırmağa çağırıb.
ERAmedia-nın BBC-yə istinadən məlumatına görə, ABŞ-ın Danimarka Krallığının heç bir ölkəsini ilhaq etmək hüququ yoxdur.
“ABŞ-ın Danimarka Krallığının üç ölkəsindən heç birini ilhaq etmək hüququ yoxdur”, – deyə Danimarkanın baş naziri Mette Frederiksen bildirib.
O qeyd edib ki, ABŞ-ın Qrenlandiyanı ələ keçirməsinin zəruriliyi barədə danışmağın heç bir mənası yoxdur. Frederiksen Vaşinqtonu “çox açıq şəkildə” təhdidləri dayandırmağa çağırıb.
“Mən qətiyyətlə ABŞ-ı tarixən yaxın müttəfiqə və özlərinin satılmadığını çox aydın şəkildə bəyan etmiş başqa bir xalqa qarşı təhdidləri dayandırmağa çağırıram”, – deyə baş nazir əlavə edib.
O, həmçinin NATO-nun müdafiə təminatlarını və ABŞ-la mövcud razılaşmanı xatırladıb.
“Danimarka da, Qrenlandiya da NATO üzvüdür və bizim artıq ABŞ-la müdafiə sazişimiz var, həmçinin Arktikanın təhlükəsizliyinə yatırımları artırırıq”, – deyə Danimarka hökumətinin başçısı vurğulayıb.
Xatırladaq ki, Trampın köməkçisinin həyat yoldaşı Qrenlandiyanın ABŞ bayrağının rənglərində olan xəritəsini “tezliklə” qeydi ilə paylaşıb. Bu, minerallarla zəngin və təhlükəsizlik baxımından strateji əhəmiyyətə malik olan ada ABŞ-ın marağının növbəti siqnalı olub.
Vural










