media-1657004347_1654667900_bas-prokurorluq-modern-az

Hərbi xidmətə çağırış sahəsində qanun pozuntuları ilə bağlı 2026-cı ilin əvvəlindən indiyədək 8 cinayət işi üzrə ibtidai istintaq aparılıb. Həmin işlərdən 5-i üzrə istintaq tamamlanaraq məhkəmələrə göndərilib.

ERAmedia xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, hərbi xidmətə çağırış sahəsində qanun pozuntularının aşkar edilməsi, qarşısının alınması və profilaktikası, korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması məqsədilə Baş Prokurorluq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) və digər aidiyyəti dövlət qurumları ilə birgə kompleks tədbirlər həyata keçirir.

2026-cı ilin yanvar ayından indiyədək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə SHXÇDX tərəfindən təqdim olunan rəsmi məlumatlar və vətəndaş müraciətləri əsasında 124 vəzifəli şəxs, eləcə də qanunazidd əməllərin törədilməsində iştirakı ehtimal olunan 121 şəxs barəsində hərtərəfli araşdırmalar aparılıb.

Qeyd olunan dövrdə Baş İdarənin əməliyyat qurumları tərəfindən hərbi xidmətə çağırış sahəsində qanunvericiliyin tələblərinin pozulması faktları ilə bağlı 4 əməliyyat-axtarış tədbiri keçirilib. Nəticədə həmin faktlar üzrə cinayət işləri başlanaraq istintaq idarəsinə göndərilib.

Ümumilikdə, SHXÇDX-nin vəzifəli şəxsləri və digər şəxslər barəsində 8 cinayət işi üzrə ibtidai istintaq aparılıb. Onlardan 8 nəfər -7 vəzifəli şəxs və 1 vətəndaş barəsində 5 cinayət işi üzrə istintaq tamamlanaraq aidiyyəti məhkəmələrə göndərilib.

Məhkəməyə göndərilən işlər üzrə 6 təqsirləndirilən şəxs barəsində əsas qətimkan tədbiri kimi həbs, əlavə qətimkan tədbiri kimi isə vəzifədən kənarlaşdırma tətbiq olunub. Daha 2 şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Hazırda 3 cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. Bu işlərdən biri üzrə 2 şəxs barəsində həbs və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri tətbiq edilib.

İbtidai istintaq zamanı 3 cinayət işi üzrə 9 çağırışçı barəsində komisyon məhkəmə-tibbi ekspertizası təyin olunub. Ekspertizanın nəticələrinə əsasən, 1 nəfər hərbi xidmətə yararlı hesab edilib, 2 nəfərə xidmətdən möhlət hüququ verilib. Digər 6 nəfər üzrə ekspertiza davam edir.

Baş Prokurorluğun məlumatına görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində, eləcə də respublikanın ayrı-ayrı rayon və şəhər prokurorluqlarında istintaq olunan cinayət işləri və araşdırılan materiallar üzrə bir sıra qanun pozuntuları müəyyən edilib.

Bunlara tibbi müayinələrin tam aparılmaması və yanlış diaqnozlar səbəbindən səhhətində problem olan çağırışçıların hərbi xidmətə göndərilməsi, onların sonradan vaxtından əvvəl tərxis olunması, habelə SHXÇDX-nin yerli qurumlarında daxili yoxlamalar zamanı qanun pozuntularına yol verilməsi daxildir.

Aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə aidiyyəti qurumlara ümumilikdə 32 təqdimat göndərilib. Onlardan 18-i SHXÇDX-yə, 6-sı Səhiyyə Nazirliyinə, 4-ü TƏBİB-ə, 3-ü Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə, 1-i isə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə ünvanlanıb.

Təqdimatların 14-ü bilavasitə SHXÇDX-nin 35 yerli strukturunda sənədləşmənin qanunvericiliyin tələblərinə uyğun aparılmasının təmin edilməsini əhatə edib.

Görülən tədbirlər nəticəsində SHXÇDX-nin 2 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, 4 həkimə, 10 vəzifəli şəxsə və 1 fiziki şəxsə xəbərdarlıq edilib. Həmçinin müvafiq kollektivlərdə müzakirələr aparılıb.

Hazırda 5 təqdimat üzrə icraat davam etdirilir.

Baş Prokurorluq bildirib ki, hərbi xidmətə çağırış sahəsində şəffaflığın təmin edilməsi, korrupsiya hüquqpozmalarının və digər neqativ halların qarşısının alınması istiqamətində aidiyyəti dövlət orqanları ilə birgə tədbirlər bundan sonra da davam etdiriləcək və nəticələr barədə ictimaiyyətə məlumat veriləcək.


media-adspc

Bənzər xəbərlər