Bataqlıq futbolu üzrə dünya çempionatı keçirilib
Finlandiyanın Hürünsalmi şəhərində 25-ci dəfə bataqlıq futbolu üzrə dünya çempionatı keçirilib.
ERAmedia xəbər verir ki, yarışlarda 128 komanda iştirak edib. Komandaların məqsədi təkcə oyunları ilə deyil, həm də geyimləri, brend simvolika və sosial mediadakı fəallıq ilə hər kəsi təəccübləndirmək olub.
Turnirin əsas iştirakçılarından biri çempionata ilk dəfə Pirkanmaa bölgəsindən qatılan “Mansen huikkapojat” komandası olub. Oyunçular səfərə xüsusi həvəslə hazırlaşıblar – özlərinə avtobus alıblar, firma üslubu hazırlayıblar və qarşılarına iddialı bir məqsəd qoyubdular: dünya çempionatında qalib olmaq.
Oyunlar çətin şəraitdə keçib. Bataqlıq sahələrin dərinliyi çox fərqli olduğundan, oyunçular sözün əsl mənasında palçıq və suyun içindən keçməli olublar.
“Birinci matçda, demək olar ki, belimizə qədər bataqlıqda idik, ikinci matçda isə artıq onun üzərində hərəkət edə bilirdik”, – deyə iştirakçılar bildiriblər.
Təşkilatçılar qeyd edirlər ki, bataqlıq futbolu Finlandiyanın özünəməxsus idman tədbirlərindən biri olaraq qalır. Bu yarışma idman, yumor və canlı təəssürat həvəskarlarını bir araya gətirir.
Oyunlar başa çatandan sonra iştirakçılar və azarkeşlər çempionatın ənənəvi hissəsinə çevrilmiş bayram proqramı ilə tanış olublar.










