media-bahceli

MHP lideri Dövlət Baxçalının Azərbaycanda hicab məsələsi ətrafında aparılan müzakirələr fonunda ölkəmizə qarşı yönələn hücumları qınaması və baş verənlərin Azərbaycanın daxili məsələsi olduğunu vurğulaması Türkiyə-Azərbaycan münasibətlərində siyasi həmrəyliyin əhəmiyyətini bir daha gündəmə gətirib.

ERAmedia-nın məlumatına görə, siyasi təhlilçi Asif Nərimanlı bildirib ki, Türkiyədə Azərbaycanın müdafiəsinə qalxan qüvvələr arasında millətçi kəsim tarixən xüsusi rol oynayıb. Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsi zamanı Türkiyə hökumətinin Azərbaycana dəstəyinin məhdud olduğu bir dövrdə belə, türk millətçiləri cəbhədə döyüşürdülər.

Asif Nərimanlı qeyd edib ki, AKP hakimiyyətə gəldikdən sonra da Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər indiki səviyyədə deyildi. Türkiyə ilə Ermənistan arasında həyata keçirilən “futbol diplomatiyası” və imzalanan Sürix protokolları bunun tarixi nümunələridir. Təhlilçinin fikrincə, həmin dövrdə bu proseslərə etiraz edən və onların qarşısının alınması istiqamətində mövqe ortaya qoyan qüvvələr sırasında millətçilər də yer alırdı.

Siyasi təhlilçi vurğulayıb ki, Azərbaycanla Türkiyə arasında siyasi elitaların yaxınlaşması xüsusilə 2010-cu ildən sonra sürətlənib. Bu prosesdə MHP-nin də rolu olub. Həmin dövrdə Türkiyənin xarici siyasətində daha müstəqil xətt ön plana çıxır, AKP ilə MHP arasında müəyyən siyasi yaxınlaşma müşahidə edilirdi. Sonrakı mərhələdə MHP-nin AKP ilə eyni siyasi cəbhədə yer alması Bakı-Ankara münasibətlərinin siyasi əsaslarını daha da gücləndirib.

Asif Nərimanlının qənaətinə görə, bu gün Türkiyə hakimiyyətində təmsil olunan bəzi dini qrupların Azərbaycan əleyhinə çıxışları iki ölkə arasındakı münasibətlərə ciddi zərbə vurmaq gücündə deyil. Çünki Türkiyə cəmiyyətində millətçi kəsimin Azərbaycana dəstəyi güclüdür, sekulyar çevrələr arasında da ölkəmizə geniş rəğbət müşahidə olunur.

Təhlilçi hesab edir ki, MHP-nin hakim “Cümhur ittifaqı”nda və Türkiyənin siyasi sistemində mühüm mövqeyə malik olması Azərbaycanın təkcə ictimai deyil, həm də siyasi dəstək qazanması baxımından əhəmiyyətlidir.

Asif Nərimanlı bildirib ki, Dövlət Baxçalının Azərbaycanın suverenliyini vurğulaması və əsas diqqətin türk dünyasında birliyə yönəldilməsinə çağırış etməsi konkret siyasi mesaj daşıyır. Bu mövqe türk dövlətləri arasında münasibətlərin qarşılıqlı hörmət, bərabərlik, suverenliyə ehtiram və ortaq maraqlar əsasında inkişaf etdirilməsinin vacibliyini önə çəkir.

Vüsalə


media-adspc

Bənzər xəbərlər