media-bdypi

Tədris prosesinin başlanması ilə yollarda, xüsusilə səhər və axşam saatlarında hərəkət intensivliyinin artması, məktəb, bağça və digər təhsil müəssisələrinin ətrafında sıxlığın yaranması gözlənilir. Belə şəraitdə hər bir hərəkət iştirakçısının daha diqqətli və məsuliyyətli davranması vacibdir.

ERAmedia xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yeni tədris ilinin başlanması ilə bağlı yol hərəkəti iştirakçılarına müraciətində bildirilib.

Qeyd olunub ki, təhsil müəssisələrinin yaxınlığında sürət əvvəlcədən azaldılmalı, piyada keçidlərinə xüsusi diqqət yetirilməli, avtomobillər ikinci cərgədə, piyada keçidlərinin üzərində və hərəkətə maneə yaradan digər yerlərdə saxlanılmamalıdır.

Valideynlər uşaqları məktəbə gətirib-apararkən avtomobilləri yalnız təhlükəsiz və icazə verilən yerlərdə saxlamalı, onların nəqliyyat vasitəsindən səki istiqamətində düşüb-minməsinə nəzarət etməlidirlər.

Şagirdlər yolu yalnız müəyyən edilmiş yerlərdən keçməli, dayanmış avtomobillərin arasından qəfil yola çıxmamalı, hərəkət zamanı mobil telefon və qulaqlıq kimi diqqəti yayındıran vasitələrdən istifadə etməməlidirlər.

“Unutmayaq ki, valideynlərin yol hərəkətində nümayiş etdirdiyi davranış uşaqlar üçün ən təsirli nümunədir. Övladlarımızdan qaydalara əməl etməyi tələb ediriksə, ilk növbədə bunu öz davranışımızla göstərməliyik. BDYPİ hər kəsi yeni tədris ilinin ilk günlərindən yollarda diqqətli, səbirli və məsuliyyətli olmağa çağırır. Məktəbə gedən hər bir uşağın təhlükəsizliyi hamımızın ortaq məsuliyyətidir”, – deyə müraciətdə vurğulanıb.


media-adspc

Bənzər xəbərlər