Belə ləyaqətli Prezidenti qorumaq sadəcə ideologiya deyil, həm də şərəf məsələsidir - Elşən Musayev
Dünən “Bolt”dan taksi sifariş verib evə gəlirəm…
Sürücü özbək idi və maşına oturduğum andan etibarən də dərhal rus dilində danışmağa başlayıb, xeyli suallar verdi: “Daşkənddə olmusunuzmu?”, “Oradakı inkişafı görmüsünüzmü?”, “Bizdə bilirsinizmi nə qədər binalar tikilir, parklar, yollar salınır?”
Sonra elə özü qayıtdı ki…Özbəkistan artıq 2005-ci ilin Bakısına gəlib çatıb e…
Nə gizlədim. Açığı ləzzət elədi. Bu boyda sürət, bu boyda tərif, bu boyda yerə – göyə sığdırmama və…axırda da fəxrlə deyəsən, sizin 20 il əvvəlinizə yaxınlaşırıq…
Bəli, mənim əzizlərim. Fakt budur ki, sadəcə Özbəkistan deyil, bir çox post-sovet ölkələri üçün Azərbaycanın uzaq keçmişində qərarlaşmaq, bizim məhz 20 il öncəmizdən boylanmaq qürurdur, hadisədir, təntənədir.
Məmləkətimiz artıq tərəqqi etalonudur, yüksəlişin səviyyə göstəricisidir.
*
Hərdən düşünürəm, məsələn, hazırda Gürcüstanın xəyalından keçərmi, Abxaziya və Cənubi Osetiyada nəsə inşa etsin? Ya da Ukrayna. İndiki məqamda oturub o perspektivi düşünərmi ki, Krımda, Luqanskda, Xersonda hansısa quruculuq, abadlıq işləri aparsın?
Xeyr, mənim əzizlərim. Fikirlərinin ucundan da keçməz. Çünki hazırda öz canlarının, ən yaxşı halda status-kvonu qorumağın hayındadırlar. Çünki onların faktiki – ən böyük arzusu irəliləmək deyil, sadəcə geri getməməkdir. Çünki biri…hakimiyyətini kənar müdaxilələrdən, təsirlərdən qorumaqla məşğuldur, digəri isə müharibədən minimum itkilərlə çıxmaq üçün “baş sındırmaqla”.
Mənim Prezidentim isə Xankəndidə açılış edir!
Həmin açılışlara, yeniliklərə, dəyişikliklərə illər uzunu həsrət qalan Xankəndidə!
Rus qoşunlarının (sülhməramlılarının) izinin – tozunun belə qalmadığı Xankəndidə!
*
Düşmən(lər)in bağrı çatlamasın, neyləsin? Namərdlərın qıcolması, isterikası, “sudurqa”sı tutmasın, neyləsin?! Çaşıb qalıblar ki, necə olur, həftədə, ayda bir köç gəlir və qarşısını ala bilmirik? Ağıllarına, içlərinə sindirə bilmirlər ki, necə olur, hamının başını özünə qatmışıq, bölgəni qan çanağına çevirmişik, az qala hər yerdə inqilab ssenarilərini tutuzdurmuşuq, amma Azərbaycanda nəsə eləmək, hansısa qara niyyəti, məkrli planı gerçəkləşdirmək mümkün deyil?
Öyrəşiblər axı, hamının daxili işlərinə burun soxmağa, kənar dövlətlərin seçkilərinə müdaxilə etməyə, diktə ilə danışmağa, “ağsaqqal məsləhəti” verməyə…
Bu səbəbdən heç cür “çatmır” onlara, Azərbaycanın müstəqil siyasət yürütməyi!
*
Dünən Xankəndidə əsən növbəti Zəfər rüzgarımız çox gözləri kor etdi – ad çəkib, ünvan göstərib xırdalamayacam. Zatən bilirsiz, söhbət kim(lər)dən gedir….
Dünən bəzi “milçək vızıltıları”, rudimentləşmiş ünsürlər yenə nəsə eləmək, ürək bulandırmaq, təxribat törətmək istədi – bu barədə də xüsusi bəhs etməyəcəm.
Fəqət, içimdən gələn bir şey var ki, onu mütləq bölüşməliyəm:
Rahatlığımız, ən ciddi təhlükəsizliyimiz öz yerində…
DTX-miz, polisimiz öz yerində…
Amma…indi elə həssas məqamdır ki, sənətindən, kimliyindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs, məhz HƏR KƏS düşmən qarşısında sipər və qalxana çevrilməlidir!
Sözlə, əməllə, can yandıran ürəklə, ən kəskin mövqe ilə!
Çünki belə əzəmətli dövləti, belə ləyaqətli Prezidenti qorumaq artıq sadəcə ideologiya deyil, həm də ŞƏRƏF məsələsidir…
Elşən Musayev,
Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri