Bələdiyyə başçısının avtomobilinə raket hücumu
Filipinlərin cənubundakı Maguindanao del Sur əyalətində Shariff Aguak bələdiyyə başçısı Akmad Mitra Ampatuanın konvoyuna təşkil olunan hücumda üç nəfər ölüb.
ERAmedia xəbər verir ki, şahidlərin və polisin məlumatına görə, hücum edənlər bir mikroavtobusdan çıxaraq RPG (raketatar) ilə bələdiyyə başçısının avtomobilinə atəş açıblar.
Atılan raket avtomobilə dəyib, lakin avtomobil irəliləməyə davam edib.
Başçı Ampatuan hücum zamanı xəsarət almasa da, konvoydakı bəzi mühafizəçilər yaralanıb. Hadisə yerində polis və bələdiyyə mühafizəçiləri tərəfindən cavab atəşi açılıb və hücumçular qaçmağa müvəffəq olublar.
Hücumdan dərhal sonra polis və hərbçilər şübhəliləri tutmaq üçün genişmiqyaslı əməliyyat başlatıb. Aparılan təqib nəticəsində üç şübhəli öldürülüb, hadisə ilə əlaqəli digər şəxslərin isə axtarışına davam edilir.
Yerli hakimiyyət orqanları hücumun səbəbini hələ müəyyən edə bilməyib, lakin bu, Ampatuan üçüncü sui-qəsd cəhdi kimi qeydə alınıb. Bütün təhlükəsizlik qüvvələri bölgədə həyəcan səviyyəsini yüksəldib.
Vüsalə









