Bermud adaları ilə bağlı daha bir sirr ortaya çıxdı
Şimali Atlantikada yerləşən Bermud arxipelaqının altında yeni və maraqlı bir geoloji tapıntı üzə çıxıb.
ERAmedia xəbər verir ki, bu barədə “Live Science” nəşri məlumat yayıb.
Məlumata görə, tədqiqatçılar Bermud adalarının altında, okean qabığının aşağısında qalınlığı təxminən 20 kilometr olan qeyri-adi bir süxur qatının mövcud olduğunu müəyyən ediblər. Qeyd edilir ki, bu cür qalınlıq indiyədək dünyanın heç bir başqa oxşar qatında müşahidə olunmayıb.
Tədqiqatın aparıcı müəllifi, Vaşinqtondakı Karnegi İnstitutunun seysmoloqu Uilyam Freyzerin sözlərinə görə, adətən okean qabığının altında onun alt hissəsi, daha sonra isə mantiya yerləşir. Lakin Bermud adalarının altında, adaların yerləşdiyi tektonik plitənin daxilində əlavə bir qat mövcuddur.
Bu qatın mənşəyi hələ tam aydın deyil. Bununla belə, alimlər hesab edirlər ki, bu tapıntı Bermud adaları ilə bağlı uzun müddətdir cavabsız qalan suallardan birini izah edə bilər. Qeyd edək ki, adalar okean qabarı adlanan bir yüksəklik üzərində yerləşir və bu ərazidə okean qabığı ətraf sahələrə nisbətən daha yuxarıdadır. Halbuki bu qabarı yaradan davam edən vulkanik aktivliyə dair heç bir sübut yoxdur. Adalarda qeydə alınmış son vulkan püskürməsi 31 milyon il əvvəl baş verib.
Alimlərin fikrincə, aşkar edilən nəhəng “struktur” son püskürmənin mantiya mənşəli süxurları qabığa daxil edib orada bərkitməsi ehtimalını gücləndirir. Bu süxur bir növ “sal” rolunu oynayaraq okean dibini təxminən 500 metr qaldıra bilər.
Bermud adaları əsasən Bermud üçbucağı ilə bağlı sirli reputasiyaya malikdir. Bu üçbucaq arxipelaq Florida və Puerto-Riko arasında yerləşən və çox sayda gəmi və təyyarənin yoxa çıxması ilə məşhur olan ərazidir. Lakin alimlərin fikrincə, əsas elmi sirr Bermud adaları ətrafında mövcud olan okean qabarının səbəbidir.
Mütəxəssislərin sözlərinə görə, Havay adaları kimi ada zəncirləri adətən mantiya “isti nöqtələri” nəticəsində yaranır. Bu nöqtələrdə mantiyadan qalxan isti material vulkanik fəaliyyəti və okean dibinin qalxmasını yaradır. Lakin tektonik hərəkətlər qabığı isti nöqtədən uzaqlaşdırdıqda, bu cür qalxmalar adətən zamanla çökür.
Freyzerin vurğuladığı əsas qəribəlik ondan ibarətdir ki, Bermud adalarındakı okean qalxması son 31 milyon ildə vulkanik aktivlik olmamasına baxmayaraq hələ də azalmayıb. Mantiya səviyyəsində müəyyən proseslərin getdiyi ehtimal olunsa da, səthdə heç bir püskürmə baş vermir.
Tədqiqat çərçivəsində alimlər Bermud adalarındakı seysmik stansiyanın dünyanın müxtəlif yerlərində baş verən güclü zəlzələlər zamanı qeydə aldığı məlumatlardan istifadə ediblər. Bu məlumatlar sayəsində Yer səthindən təxminən 50 kilometr dərinlikdəki quruluş araşdırılıb. Seysmik dalğaların qəfil dəyişdiyi nöqtələrin təhlili nəticəsində ətraf süxurlarla müqayisədə daha az sıxlığa malik, qeyri-adi dərəcədə qalın bir süxur qatının mövcud olduğu müəyyən edilib.
Vural Həsənoğlu









