Beynəlxalq axtarışa verilən daha 3 nəfər ölkəmizə ekstradisiya edilib
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 2002-ci il 7 oktyabr tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşları Ruad Yaşar oğlu Məmmədov, Xəyal Rasim oğlu Əsgərov və Zaur Əyyub oğlu Əyyubovun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri müvafiq olaraq Rusiyanın və Qazaxıstanın Baş Prokurorluqları tərəfindən təmin edilib.
ERAmedia-ya Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Ruad Yaşar oğlu Məmmədov və Xəyal Rasim oğlu Əsgərovun külli miqdarda zərər vurmaqla dələduzluq cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən olunduğundan barələrində təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərarlar qəbul edilib və ibtidai istintaqdan qaçıb gizləndiklərinə görə beynəlxalq axtarışa veriliblər. Onlar Rusiya ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.
Eyni zamanda, Yasamal Rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə xeyli miqdarda ziyan vurmaqla törədilmiş oğurluq cinayət əməlinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Zaur Əyyub oğlu Əyyubov məhkəmədən gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib, Qazaxıstanın ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.









