media-17921544322017745947_1200x630

Prezident İlham Əliyevin AQEM-in 7-ci Zirvə Toplantısında səsləndirdiyi fikirlər keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin tarixinə, beynəlxalq təşkilatların roluna və müharibə cinayətlərinə görə məsuliyyət məsələsinə münasibətini bir daha gündəmə gətirib. Dövlətimizin başçısının çıxışı təkcə keçmiş hadisələrin qiymətləndirilməsi deyil, həm də beynəlxalq hüququn işləkliyi və gələcək münaqişələrin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.

ERAmedia xəbər verir ki, bu fikirləri siyasi şərhçi Əhməd Abbasbəyli deyib.

Prezidentin çıxışında xüsusi araşdırılmalı və təhlil edilməli məqamlara toxunan Ə.Abbasbəyli bildirib ki, dövlətimizin başçısının Bakıda keçirilən məhkəmə prosesini Nürnberq tribunalı ilə müqayisə etməsi, ilk növbədə, cəzasızlığa son qoyulması və ağır cinayətlərə görə fərdi məsuliyyətin təmin edilməsi baxımından qiymətləndirilməlidir. Nürnberq tribunalının tarixi əhəmiyyəti ondan ibarət idi ki, bu proses dövlət və hərbi rəhbərlikdə yüksək vəzifə tutmağın insanı beynəlxalq cinayətlərə görə məsuliyyətdən azad etmədiyini göstərdi. Bu, beynəlxalq cinayət hüququnun inkişafında mühüm mərhələ oldu. Bu baxımdan, Bakıdakı məhkəmə prosesi ilə Nürnberq tribunalı arasında siyasi və tarixi paralellərin aparılması xüsusi əhəmiyyət daşıyır.

“Əminəm ki, bu fikirlər Ermənistanın, ona dəstək verən xarici siyasi dairələrin və insan hüquqlarını selektiv şəkildə gündəmə gətirən qüvvələrin Bakıda mühakimə olunan şəxslər ətrafında yaratmağa çalışdıqları süni ajiotaja və onları “günahsız mələklər” kimi təqdim etmək cəhdlərinə verilmiş ən tutarlı və dəqiq cavabdır. Hərbi cinayətlərdə ittiham olunan şəxslər ətrafında siyasi kampaniyaların aparılması, hüquqi prosesin təzyiq vasitəsinə çevrilməsi və ictimai rəyin manipulyasiyası ədalət prinsipinə hörmətsizlikdir. İnsan hüquqlarını siyasi maraqlar naminə selektiv şəkildə gündəmə gətirmək bu dəyərlərin siyasi məqsədlərə alət edilməsidir”, – deyə siyasi şərhçi vurğulayıb.

O qeyd edib ki, insan hüquqlarının müdafiəsi ədalətli məhkəmə araşdırmasının və qanunun aliliyinin təmin olunmasına xidmət etməli, ağır cinayətlərə görə məsuliyyətdən yayınmaq vasitəsinə çevrilməməlidir. İnsan hüquqlarından siyasi məqsədlərlə istifadə edilməsi bu ali dəyərlərin mahiyyətinə ziddir. Eyni zamanda, ittihamın ağırlığından asılı olmayaraq, şəxsin təqsiri məhkəmədə sübuta yetirilməlidir. Azərbaycanın mövqeyinin beynəlxalq müstəvidə inandırıcılığı müharibə cinayətlərinə münasibətdə qətiyyət, insan hüquqlarının müdafiəsində prinsipiallıq və ədalətin siyasi təzyiqlərdən asılı olmaması ilə müəyyən edilir. Heç bir geosiyasi maraq və ya siyasi kampaniya hüquqi məsuliyyətin müəyyənləşdirilməsinə mane olmamalı, müharibə cinayətlərinə görə məsuliyyət siyasi konyunkturaya qurban verilməməlidir.

“Prezidentin çıxışında diqqət çəkən digər məqam BMT qətnamələrinin və beynəlxalq hüququn icrası problemidir. Fikrimcə, bu, beynəlxalq əhəmiyyətinə görə xüsusi araşdırılmalı məsələlərdən biridir. Çünki burada təkcə keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin təcrübəsi deyil, bütövlükdə beynəlxalq təhlükəsizlik sisteminin problemləri gündəmə gətirilir. BMT Nizamnaməsinin 25-ci maddəsi üzv dövlətlərin Təhlükəsizlik Şurasının qərarlarını qəbul etmək və yerinə yetirmək öhdəliyini, 41-ci və 42-ci maddələri isə bu qərarların icrası üçün müxtəlif mexanizmləri nəzərdə tutur. Deməli, problemin mahiyyəti həmin mexanizmlərin mövcud olmamasından daha mürəkkəbdir. Əsas çətinlik onların tətbiqi, Təhlükəsizlik Şurasının daimi üzvləri arasında siyasi razılığın əldə olunması və qərarların ardıcıl icrasının təmin edilməsi ilə bağlıdır”, – deyə Ə.Abbasbəyli əlavə edib.

O deyib: “Ermənistan-Azərbaycan münaqişəsinin təcrübəsi də bu məsələni aktuallaşdırır: beynəlxalq qərarlar uzun müddət real nəticə vermədikdə onların çəkindirici təsirini necə qorumaq olar? Beynəlxalq hüququn etibarlılığı onun siyasi maraqlardan asılı olmayaraq tətbiq edilməsindən asılıdır. Bu baxımdan, yalnız yeni qətnamələrin qəbul edilməsi deyil, həm də qərarların icrasına nəzarətin gücləndirilməsi, pozuntuların nəticələrinin aydınlaşdırılması, hüquqi və siyasi məsuliyyətin təmin olunması vacibdir. Əks halda, beynəlxalq qərarların icrasız qalması cəzasızlıq hissini gücləndirə və gələcək münaqişələrin qarşısının alınmasını çətinləşdirə bilər.

Tarix göstərir ki, müharibənin başa çatması hələ ədalətin təmin olunması demək deyil. Ədalət hüquqi məsuliyyətlə, sülh qarşılıqlı təhlükəsizlik təminatları ilə, beynəlxalq hüquq isə qəbul edilmiş qərarların real icrası ilə möhkəmlənir. Dünyanın ehtiyacı mövcud hüquqi prinsiplərin hamı üçün eyni qaydada tətbiq edilməsidir. Çünki cəzasızlıq yalnız keçmişin problemi olaraq qalmır, həm də gələcək münaqişələr üçün zəmin yarada bilər”, – deyən siyasi şərhçi fikirlərini yekunlaşdırıb.


media-adspc

Bənzər xəbərlər