Beynin fəaliyyətinin öyrənilməsində yeni mərhələ
Fiziologiya və tibb üzrə Nobel mükafatı 1901-ci ildən etibarən təqdim olunur.
Təhsil eksperti Etibar Əliyev ERAmedia-ya açıqlamasında bildirib ki, bu möhtəşəm mükafatın tarixində insan sağlamlığı və tibbin inkişafı baxımından mühüm elmi kəşflər xüsusi yer tutur.
Onun sözlərinə görə, ilk Nobel mükafatı 1901-ci ildə “difteriyanın müalicəsində zərdab terapiyasının tətbiqinə görə” alman bakterioloqu Emil fon Berinqə verilib.
Etibar Əliyev qeyd edib ki, 2026-cı ildə fiziologiya və tibb üzrə Nobel mükafatının canlı beyində fərdi sinir hüceyrələrinin fəaliyyətini aktivləşdirməyə və ya söndürməyə imkan verən optogenetikaya yol açan fundamental kəşflərə görə təqdim edilməsi elmin inkişafı baxımından mühüm hadisədir.
O bildirib ki, 2026-cı ilin fiziologiya və tibb üzrə Nobel laureatları ABŞ-nin Stanford Universiteti və Hovard Hyuz Tibb İnstitutunun professoru Karl Deisseroth, Almaniyanın Humboldt Universitetinin professoru Peter Hegemann və Almaniyanın Vürsburq Universitetinin professoru Georg Nageldir.
“Bu alimlərin kəşfləri optogenetikanın inkişafına zəmin yaradıb. Optogenetika vasitəsilə ayrı-ayrı sinir hüceyrələrinin fəaliyyətini işıq vasitəsilə idarə etmək və beynin mürəkkəb fəaliyyət mexanizmlərini daha dərindən öyrənmək mümkün olub”, – deyə Etibar Əliyev vurğulayıb.
Təhsil eksperti əlavə edib ki, Nobel Komitəsinin bu sahəyə verdiyi yüksək qiymət neyroelm və tibb üçün yeni imkanların yaranmasından xəbər verir.
Qeyd edək ki, Fiziologiya və tibb üzrə Nobel Komitəsinin sədri Per Svenningsson optogenetikanın əhəmiyyətini belə ifadə edib: “Optogenetika beynin xəritəsini bir vaxtlar yalnız xəyal edə biləcəyimiz şəkildə tərtib etmək üçün imkanlar yaradır”.
Əli Fərhad










