Bibiheybətdəki zəfər abidəsinin gizli tarixçəsi
Bakıda vaxtilə el arasında “Stalin tağı” kimi tanınan və İkinci Dünya müharibəsində qələbəyə həsr edilən “Zəfər tağı”nın maraqlı tarixçəsi olub.
Tarix üzrə fəlsəfə doktoru Zaur Əliyev ERAmedia-ya açıqlamasında bildirib ki, 1947-ci ildə sovet rəhbərliyi tərəfindən Bayıl-Bibiheybət yolunda inşa edilən bu tağ sovet hakimiyyətinin Bakı üzərindəki ideoloji təsirini və gücünü simvolizə edən tikililərdən biri idi.
Onun sözlərinə görə, abidənin ucaldıldığı yer təsadüfi seçilməmişdi. Zaur Əliyev qeyd edib ki, 1936-cı ildə sovet hakimiyyəti dövründə repressiyalar və dinə qarşı mübarizə kampaniyası çərçivəsində XIII əsrə aid Bibiheybət Məscidi dağıdılmışdı.
“Bibiheybət Məscidinin sökülməsinə etiraz edənlər də olmuşdu. Belə şəxslərdən biri abidələrin qorunması komissiyasının katibi Aleksey Salamov idi. O, məscidin partladılmasına qarşı çıxdığına görə 20 il müddətinə həbs edilmişdi”, – deyə Zaur Əliyev bildirib.
Tarixçi qeyd edib ki, bir neçə il sonra məhz dağıdılmış məscidin yerləşdiyi ərazidə, magistral yolun ortasında böyük bir tağ ucaldılıb.
Zaur Əliyevin sözlərinə görə, tağın mərkəzində sovet lideri İosif Stalinin böyük heykəli yerləşdirilmişdi. Onun fikrincə, Stalinin Bakıda belə bir möhtəşəm abidəsinin yerləşdirilməsi diqqətçəkən məqamlardan biri idi.
“Digər sovet respublikalarından fərqli olaraq Bakıda Stalinin heykəlinin məhz bu formada yerləşdirilməsi və insanların hər gün onun heykəlinin qarşısından keçməsi maraqlı məsələdir. Bakı Stalinin həyatında mühüm rol oynayan şəhərlərdən biri idi. Burada onun inqilabi fəaliyyəti ilə bağlı hadisələr baş vermiş, Bakı mühiti ilə müxtəlif qarşıdurmaları olmuşdu”, – deyə Zaur Əliyev vurğulayıb.
Onun sözlərinə görə, tağın yerləşdiyi ərazi yalnız sovet ideologiyası baxımından deyil, şəhərin tarixi yaddaşı baxımından da əhəmiyyət daşıyırdı. Zaur Əliyev hesab edir ki, məscidin və ziyarətgahın dağıdılmasından sonra həmin ərazidə sovet simvolunun ucaldılması Bakı üçün mənəvi baxımdan ağır nəticələr doğurmuşdu.
Tarixçi bildirib ki, ərazidə əvvəlki dövrlərə aid qəbir və məzarların da asfalt altında qalması şəhərin tarixi görünüşünü dəyişdirmişdi.
“Bu ərazidən keçən yolun da öz tarixi vardı. Köhnə bakılıların bildiyi kimi, Xan qızı Natavanın əhdini yerinə yetirməsi ilə əlaqələndirilən xüsusi ziyarət yolu burada yerləşirdi. Sovet dövründə həmin tarixi mühit dağıdıldı və ərazi magistral yola çevrildi”, – deyə Zaur Əliyev bildirib.
O əlavə edib ki, tağın tikintisində dağıdılmış məscidin tikinti materiallarından istifadə olunması da ayrıca diqqət çəkən məqamdır. Onun sözlərinə görə, məscidin divar daşları, xüsusi əhəngli hörgüsü və üzlük materiallarının bir hissəsi yeni tikilidə istifadə edilmişdi.
Tağın yuxarı hissəsində sovet dövlət rəmzləri, müxtəlif ornamentlər və dövrün ideoloji şüarlarının həkk olunduğunu bildirən Zaur Əliyev qeyd edib ki, abidənin üzərində Roma rəqəmləri ilə “X·X·V” yazısı da vardı.
“Bu rəqəmlərin sovet Azərbaycanının 25 illiyi ilə bağlı olduğu bildirilirdi. Bunun başqa simvolik mənasının olub-olmaması barədə isə müxtəlif fikirlər səslənir”, – deyə tarixçi qeyd edib.
Zaur Əliyev həmçinin tağın üzərində Azərbaycan dilində yazıların olduğunu, həmin yazılarda Latın və Kiril qrafikalarının qarışıq şəkildə istifadə edildiyini bildirib.
Tarixçinin sözlərinə görə, həmin ərazi şəhərdə yol-nəqliyyat hadisələrinin çox baş verdiyi məkanlardan biri kimi də tanınırdı. Bu barədə xalq arasında müxtəlif ifadələr yaranmışdı.
“Bakıda belə bir söz yayılmışdı ki, ‘Məscidin ahı tutub, tağ sürücülərin gözünə görünür’. Bu, artıq həmin tikiliyə münasibətdə insanların yaddaşında formalaşan xalq inanclarından biri idi”, – deyə Zaur Əliyev bildirib.
Onun sözlərinə görə, 1953-cü ildə Stalinin ölümündən sonra SSRİ-də şəxsiyyətə pərəstişin tənqidi başlandı və Stalinin heykəllərinin sökülməsi prosesi geniş vüsət aldı.
“Bu proses çərçivəsində Bibiheybətdəki Stalin heykəlli zəfər tağı da 1950-ci illərin sonlarında söküldü. Stalin heykəlinin bütöv şəkildə daşınmasının vaxt apardığı üçün onun gecə saatlarında tağın yaxınlığında hissələrə ayrılaraq Xəzər dənizinə atıldığı barədə məlumatlar var”, – deyə tarixçi bildirib.
Zaur Əliyev qeyd edib ki, beləliklə, bir neçə il ərzində həmin ərazi əvvəlcə qədim məscidin dağıdılmasının, daha sonra isə sovet ideoloji abidəsinin ucaldılmasının şahidi olub.
“1990-cı illərdə isə vaxtilə dağıdılmış Bibiheybət məscidi və ziyarətgahı yenidən inşa və bərpa edildi. Beləliklə, sovet dövründə məhv edilmiş tarixi-dini məkan yenidən öz əvvəlki funksiyasına qaytarıldı”, – deyə Zaur Əliyev əlavə edib.
Vüsalə









