media-museyib-bagirov

İkinci Dünya müharibəsində göstərdiyi misilsiz igidliklə adını tarixə yazdıran Sovet İttifaqı Qəhrəmanı, kapitan Müseyib Bağırovun (1915–1981) bu gün anadan olmasının ildönümüdür.

ERAmedia xəbər verir ki, Azərbaycanın igid hərbçilərindən biri olan Müseyib Bağırov Poltava vilayətinin Zenkov şəhəri istiqamətində gedən ağır döyüşlər zamanı misilsiz şücaət nümayiş etdirib. O, hücum zamanı düşmən səngərinə ilk daxil olan döyüşçülərdən biri olub və yaxın döyüşdə 28 faşisti zərərsizləşdirib. Ağır yaralanmasına baxmayaraq, mövqeyini tərk etməyərək döyüşü sonadək davam etdirib.

Yüksəklik uğrunda gedən həlledici döyüşün sonunda Bağırov və cəmi üç əsgər mövqedə qalıb. Say üstünlüyünə malik düşmənin ardıcıl hücumlarına baxmayaraq, onlar geri çəkilməyərək yüksəklikdə müdafiəni düz 24 saat davam etdiriblər. Alayın əsas qüvvələri hadisə yerinə çatana qədər göstərilən bu müqavimət döyüşün taleyinə ciddi təsir göstərib.

Həmin döyüşdə nasist qoşunları 3 tank, eləcə də 250-yə yaxın əsgər və zabit itirib. Göstərdiyi müstəsna qəhrəmanlığa görə Müseyib Bağırova 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilib. Onun döyüş yolu Azərbaycan xalqının hərbi qəhrəmanlıq tarixində xüsusi yer tutur.


media-adspc

Bənzər xəbərlər