media-17046947744314817441_1200x630

Azərbaycan kinosunun və teatrının parlaq simalarından olan Leyla Bədirbəyli həm istedadı, həm də gözəlliyi ilə yaddaşlarda silinməz iz qoyub.

ERAmedia xəbər verir ki, sənətkarın səhnə ilə ilk tanışlığı hələ 8 yaşında baş verib və onun gələcək uğurlarının təməli də məhz həmin dövrdə qoyulub.

Leylanın anası Bikə xanım klublardan birində fəaliyyət göstərən dərnəyə gedərkən qızını da özü ilə aparırmış. Beləliklə, balaca Leylanın incəsənətə marağı erkən yaşlardan formalaşıb. O, 13 yaşında Filarmoniyanın mahnı və rəqs ansamblına üzv qəbul edilib, 16 yaşında isə solist kimi fəaliyyət göstərməyə başlayıb.

Aktrisanın kino karyerasında dönüş nöqtəsi 1945-ci ildə ekranlaşdırılan “Arşın mal alan” filmi olub. Gülçöhrə obrazı üçün çoxsaylı namizədlər arasından seçim edilərkən Üzeyir Hacıbəyovun təşəbbüsü ilə bu rol Leyla Bədirbəyliyə həvalə olunub. Bu ekran əsəri onun kino aləmində tanınmasına və parlaq yaradıcılıq yolunun başlanmasına mühüm təkan verib. Sonrakı illərdə aktrisa 50-yə yaxın filmdə rol alıb.

Leyla Bədirbəylinin gözəlliyi uzun illər xalq arasında xüsusi bir müqayisəyə çevrilib. 2023-cü ildə dünyasını dəyişmiş Əməkdar artist Elxan Qasımov xatirələrində bildirmişdi ki, Azərbaycanda gözəl qızları tərifləyərkən “Elə bil Leyla Bədirbəylidir” ifadəsindən geniş istifadə olunub. Aktrisanın ifa etdiyi obrazlar və səhnə mədəniyyəti də onun sənət aləmindəki nüfuzunu daha da artırıb. Hətta onun üçün xüsusi rəqslər də hazırlanıb.

Sənətkarın xatirələrində Rza Təhmasib və Üzeyir Hacıbəyovun xüsusi yeri olub. Leyla Bədirbəyli onu kinoya dəvət edən Rza Təhmasibə daim minnətdarlıq etdiyini, “Arşın mal alan” filmində rol almasına isə Üzeyir bəyin təşəbbüsünün səbəb olduğunu söyləyirmiş. O, hər iki sənətkarı kino fəaliyyətində xüsusi hörmətlə yad edirmiş.

Aktrisanın çəkiliş meydançasında yaşadığı maraqlı hadisələrdən biri “Səbuhi” filmi ilə bağlıdır. Tubu xanım rolunu canlandırarkən bir səhnədə ağlamalı olan Leyla Bədirbəyli bunu bacarmayıb və çəkilişlər çətinləşib. Rejissor Rza Təhmasib vəziyyətdən çıxış yolu taparaq çəkilişlərin dayandırıldığını elan edib, daha sonra aktrisaya yaxınlaşıb onu evdən uzaqda qalması və övladından ayrı düşməsi ilə bağlı sözlərlə kövrəltməyə çalışıb. Bu sözlərdən təsirlənən Leyla xanım göz yaşlarını saxlaya bilməyib. Rejissor isə həmin an çəkilişin başladığını elan edərək səhnəni lentə alıb.

İllər keçdikcə Leyla Bədirbəyli peşəkarlığını daha da artırıb. O, artıq bir çox səhnəni az sayda dublla uğurla canlandıra bilən təcrübəli aktrisaya çevrilib. “Dərviş Parisi partladır” filmi də onun kino yaradıcılığının yaddaqalan nümunələrindən biri olub.

Leyla Bədirbəyli yalnız sənət uğurları ilə deyil, insanlara və canlılara münasibəti ilə də seçilib. Onun çantasında daim konfet və şokolad saxladığı, qarşılaşdığı uşaqlara şirniyyat payladığı bildirilir. Kinostudiyanın yaxınlığında gördüyü it və pişiklərə də yemək verməsi aktrisanın qayğıkeş xarakterini əks etdirən xatirələrdəndir.

Beləliklə, Leyla Bədirbəyli Azərbaycan mədəniyyətində yalnız gözəllik rəmzi kimi deyil, həm də istedadı, zəhməti və səmimiyyəti ilə seçilən sənətkar kimi yaşayır. Onun yaratdığı obrazlar və haqqında danışılan xatirələr milli kino tariximizin dəyərli səhifələrindən biri olaraq qalır.

Vural


media-adspc

Bənzər xəbərlər