media-photo_5357200957453832499_x
media-bant_master

Alimlər müəyyən ediblər ki, emosional mimikriya (başqalarının üz ifadələrini qeyri-iradi şəkildə təqlid etmə – red.) ətrafımızdakı insanları necə dəyərləndirdiyimizə və kimə etibar etdiyimizə birbaşa təsir göstərir.

ERAmedia xəbər verir ki, “Emotion” elmi jurnalında dərc olunan yeni araşdırmaya görə, insanlar ən çox sevinc ifadələrini təqlid edir və gülümsəyən şəxslər daha cəlbedici, etibarlı və güvənəlayiq qəbul olunur.

Tədqiqatçılar bildirirlər ki, tez-tez insanların xarakteri haqqında onların görünüşünə və mimikasına əsaslanaraq mühakimə yürüdürük. Kvadrat çənə və ya ifadəli qaşlar kimi üz cizgiləri bir çox mədəniyyətdə dominantlıqla əlaqələndirilsə də, üzdə əks olunan emosiyalar da az əhəmiyyət daşımır. Hətta mimikanın qısa müddətli müşahidəsi belə qarşı tərəfin niyyətləri və hissləri barədə nəticə çıxarmağa imkan verir.

İnsanlarla ünsiyyətdə olarkən biz çox vaxt fərqinə varmadan onların üz ifadələrini təkrarlayırıq. “Emosional mimikriya” adlanan bu hal sosial əlaqələrin formalaşmasında mühüm rol oynayır, çünki başqalarını daha yaxşı anlamağa və etimad qurmağa kömək edir.

Araşdırma Polşadakı SWPS Sosial və Humanitar Elmlər Universiteti ilə Berlindəki Humboldt Universitetinin alimləri tərəfindən aparılıb. Üç eksperimentdə 170-dən çox iştirakçı yer alıb. Onlara sevinc, kədər və ya qəzəb ifadə edən üzlərin yer aldığı qısa videoçarxlar göstərilib və bu üzləri cəlbedicilik, inam və etibarlılıq baxımından qiymətləndirmələri xahiş olunub. İki eksperimentdə üz əzələlərinin aktivliyi elektromioqrafiya üsulu ilə ölçülüb.

Nəticələr göstərib ki, gülümsəmələr kədər və qəzəb ifadələrinə nisbətən xeyli daha tez-tez təqlid olunur. Üstəlik, mimikriyanın intensivliyi etimad səviyyəsi ilə birbaşa əlaqəlidir. İnsan qarşısındakının gülümsəməsini nə qədər güclü şəkildə qeyri-iradi təkrarlayırsa, ona bir o qədər çox etibar edir. Eksperimentlərdən birində iştirakçılar “etimad oyunu” çərçivəsində virtual xallar da bölüşüb ki, bu da müşahidə edilən effekti davranış səviyyəsində təsdiqləyib.

Müəlliflərin sözlərinə görə, bu iş müsbət emosiyaların ifadəsinin insanın daha müsbət qavranılmasına töhfə verdiyini təsdiqləyir və sosial qarşılıqlı əlaqələrdə emosional mimikriyanın roluna dair elmi bilikləri genişləndirir.

Vural Həsənoğlu


media-adspc

Bənzər xəbərlər