media-images-1

Azərbaycanın kənd təsərrüfatı tarixində mühüm xidmətləri ilə seçilən şəxslərdən biri də Qüdrət Səmədovdur.

ERAmedia bildirir ki, o, uzun illər pambıqçılığın inkişafı istiqamətində yorulmadan çalışaraq böyük nüfuz qazanıb. Sadə fəhləlikdən kolxoz sədrliyinə qədər yüksələn əmək yolu onun zəhmətkeş və məqsədyönlü insan olduğunu göstərir. Qüdrət Səmədov xüsusilə iki əllə pambıq yığılması təşəbbüsünün öncüllərindən biri kimi tanınıb. Dövlət tərəfindən yüksək mükafatlarla təltif olunan bu görkəmli şəxs həm də ictimai-siyasi fəaliyyətində fəallığı ilə seçilib. O, müxtəlif çağırışlarda deputat kimi fəaliyyət göstərərək kənd adamlarının problemlərinin həllinə çalışıb. Qüdrət Səmədovun adı bu gün də Salyanda hörmətlə anılır və xatirəsi ehtiramla yad edilir.

Qüdrət Səmədov 1904-cü il aprelin 4-də Salyanın Sarvan kəndində anadan olub. Sovet dövründə pambıqçılığın inkişafında böyük xidmətləri olub. O, iki əllə pambıq yığılmasının ilk təşəbbüsçülərindən biri idi.

1922-ci ildən 1946-cı ilədək SSRİ-nin 50 illiyi adına 1 nömrəli sovxozda, “Muğan” tikinti idarəsində fəhlə, Sarvan kəndindəki “Qırmızı Azərbaycan” kolxozunda kolxozçu və manqabaşı işləyib. 1946-cı ildən ömrünün sonuna qədər Nizami adına kolxozun sədri olub. 1947-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.

Azərbaycan SSR Ali Sovetinin 4–7-ci çağırışlarının, SSRİ Ali Sovetinin isə 8-ci çağırışının deputatı olub. Kolxozçuların I, II və III Ümumittifaq qurultaylarının nümayəndəsi seçilib. Azərbaycan KP-nin XXI, XXII və XXIV–XXVIII qurultaylarında AKP MK üzvü olub.

İki dəfə “Lenin” ordeni, “Oktyabr İnqilabı” ordeni, “Qırmızı Əmək Bayrağı” ordeni və müxtəlif medallarla təltif edilib.

Qüdrət Səmədov 1972-ci il yanvarın 8-də Salyanda vəfat edib. Anadan olmasının 100 illiyi yüksək səviyyədə qeyd olunub və bu münasibətlə sərbəst güləş üzrə respublika turniri keçirilib. Salyan şəhərində onun adını daşıyan küçə var.

Qüdrət Səmədov mərhum Xalq artisti Həsən Məmmədovun dayısıdır.

Vüsalə


media-adspc

Bənzər xəbərlər