media-1792580987_scorpion-clock-over-the-caucasus-bridge

Dünyanın hansı saatındayıq?

Əqrəblər haradadır?

Dünyada nələr baş verir?

Bu sualların cavabını bir az bilirik, bir az da bilmirik…

Daha çox qeyri-müəyənliklər var.

Görünənlərdən dəqiq nəticə odur ki, nəsə düz deyil. Amma o nəsə nədir…

Saatın əqrəbi vaxtı göstərir, əqrəb isə sancır…

Bu gün o əqrəblərin ikisi də ətrafımızda dolaşır.

Son bir həftəyə baxaq. Oktyabrın 15-də Paşinyan Azərbaycanla sülh sazişinin 2031-ci ilədək imzalanıb təsdiqlənməsini öz “şəxsi gündəliyi” adlandırdı. Biz isə bu ilin sonunu, gələn ilin əvvəlini gözləyirdik. Azərbaycan gözləməyi bilir, amma gözləməyi bilmək hər şeyi gözləmək olmadığını Paşinyan Ermənistanı daha yaxşı bilir.

Həmin gün Bakıda AQEM sammitində Lavrov dedi ki, Rusiya TRIPP-də iştirak etməyə hazırdır, amma hələ müraciət almayıb. 2024-cü ilin dekabrında Rusiyanın hava hücumundan müdafiə sistemi Azərbaycanın sərnişin təyyarəsini vurmuşdu. Putin bunu 2025-ci ilin oktyabrında Düşənbədə etiraf etdi, bu ilin aprelində isə iki XİN “qeyri-ixtiyari vurulma” faktını birgə bəyanatla qəbul etdi. İyulda Lavrov Moskvada bu faciə ilə bağlı bütün məsələlərin həll olunduğunu və müttəfiqlik müqaviləsinin potensialını reallaşdırmağa doğru irəlilədiklərini bildirdi. Acı yaddaşla praqmatik diplomatiya ilə yan-yana yaşayır.

Fransa illərlə Azərbaycana qarşı ən sərt dilli Avropa paytaxtlarından biri idi. Oktyabrın 20-də isə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransanın birinci xanımı Bricit Makronun qadın səfirlər üçün təşkil etdiyi naharda iştirak etdi. Söhbət qadınlar, uşaqlar, təhsil və səhiyyə üzərində getdi. Fransanın öz küçələri isə iğtişaş və siyasi böhranla qarışıb.

İran illərdir dini kanallarla Azərbaycana müdaxilə cəhdləri ilə gündəmə gəlirdi. Oktyabrın 20-də İran XİN-in sözçüsü İsmayıl Bəqayi məktəbli forması mübahisəsinə münasibət bildirdi: “Azərbaycan xalqı yetkin və bəsirətli xalqdır”. O əlavə etdi ki, bu xalq öz səsini hökumətə necə çatdıracağını özü müəyyən edəcək. Məsələnin qarşılıqlı anlaşma əsasında həllini ümid etdiyini də dedi. İranda isə hicaba qarşı yeni etiraz aksiyalar başlayıb. Bu məsələyə görə minlərlə qızı edam edib.

İndi ən qəribə yerə gəlirik. Bir həftənin ən təmkinli cümləsini Tehrandan, ən sərt cümləsini isə qardaş paytaxtından eşitdik. Prezidentin baş müşaviri Oktay Saral Azərbaycanın addımından geri dönməsini gözlədiyini yazdı, Yeni Azərbaycan Partiyası isə bunu daxili işlərə müdaxilə adlandırdı. Eyni günlərdə Bahçeli, Çelik və Zorlu qardaşlığın səsi oldular. Deməli, Türkiyənin özündə iki səs var, biri ağıl, biri alov dili ilə danışır..

Bəs niyə məhz indi?

Dünya yanır, Fransa küçələrində iğtişaşlar, İran ətrafında yeni zərbə ehtimalı, neftin bahalaşması var. Belə vaxtda hamı Cənubi Qafqazda yerini yenidən hesablayır. TRIPP, Orta Dəhliz, Türk Dövlətləri Təşkilatı və s. Bizi isə oktyabrın son həftəsində Ankarada TDT zirvəsi gözləyir. O tərəfdə Mərkəzi Asiya, bir az o tərəfdə Türk dünyasının sabahı dayanır. Biz bunun fərqindəyikmi… Bütün qapılar bizə açılarkən Türkiyə düşmənləri Türkiyədə qapısını cırıldadır.

Dini dəyərləri qalxana çevirib qardaşlığa daş atan dairələr var. Onlar nə İslamın, nə Türkiyənin səsidir. Bunu kimin qurduğunu artqı bilirik. Kimin rahat nəfəs aldığını görürük.

Azərbaycan hər zaman Türkiyəyə sadiq olub. Qardaşlıq müzakirə olunmur, qardaşlığa əməl olunur. İndi o müzakirə olunmayan qardaşlıq sınağa çəkilir. Biz bu sınaqdan üzüağ çıxmalıyıq. Biz Türkiyəni Azərbaycan qədər sevirik, Türkiyədə də Azərbaycanı Türkiyə qədər sevirlər. Bunun əksini istəyənlərə aramızda yer olmamalıdır. Türkiyədə də, Azərbaycanda da buna diqqət etməliyik.

Məncə, aydınların zirvəsi lazımdır. Bakıdan 50, Ankaradan 50 ziyalı bir mətnə imza atsın. Mətn qısa olsun, burada bir millətik, iki dövlətik, mübahisəmizi özümüz həll edək. Deputatlar, jurnalistlər, alimlər, sənətkarlar susmasın. İki dövlətin bir millət olaraq ayaq üstə qalması dəyişməməlidir. Dünyanın saatı hansı rəqəmi göstərirsə göstərsin, bizim saatımız bir olmalıdır.

Zaman o zamandır.

Bir də, Türkiyə diqqət etməlidir. Niyə orada Azərbaycana qarşı qüvvələrin fəllaşmasından sonra İran, Ermənistan, Fransa, Rusiya mövqeyini dəyişir.


media-adspc

Bənzər xəbərlər