“Bir simvola bağlılıq bizə nə verəcək?” – İctimai manipulyasiyaların görünməyən tərəfi
Yazıçı Aqşin Yenisey cəmiyyətdə simvolların manipulyasiya vasitəsinə çevrilməsi, onların ictimai şüura təsiri və insanların bu simvollara münasibəti barədə fikirlərini bölüşüb.
ERAmedia-nın məlumatına görə, Aqşin Yenisey fransız filosofu Jak Lakana istinad edərək “Simvol şeyin ölümüdür” fikrini xatırladıb. O bildirib ki, bir şey simvolla ifadə olunursa, həmin şey artıq mövcud olmaya, dəyərini itirə və funksionallığını qoruya bilməyə bilər.
Yazıçının fikrincə, Peykanlıda ictimai müzakirələr və gərginliklər çox vaxt simvollar üzərindən manipulyasiya edilir. Çünki simvollaşdırılmış anlayışlar müxtəlif məqsədlər üçün istifadəyə və manipulyasiyaya açıq olur.
Aqşin Yenisey nümunə kimi namus və azadlıq simvolu kimi təqdim edilən qadın obrazını göstərib. O qeyd edib ki, belə yanaşmada qadın artıq öz fərdi varlığı ilə deyil, ona yüklənmiş simvolik məna ilə dəyərləndirilir. Yazıçının qənaətinə görə, kişi hegemonluğu məhz bu simvoldan istifadə etməklə real qadınları öz məqsədlərinə uyğun manipulyasiya edə bilir.
O, həmçinin müqəddəsliyi simvolizə edən dəyərlər vasitəsilə cəmiyyətin qorxu altında saxlanılmasının mümkünlüyünə diqqət çəkib.
Aqşin Yenisey müasir texnologiyalardan istifadə edən bəzi insanların düşüncə tərzindəki ziddiyyətlərə də toxunub. Onun fikrincə, cibində smartfon gəzdirən, texnoloji baxımdan müasir dövrdə yaşayan, lakin düşüncə tərzi orta əsrlərin dünyagörüşünə söykənən insanların dünyası simvollar üzərində qurulur. Belə mühitdə manipulyasiyalar, fırıldaqlar, şəxsi və qrup maraqları simvollar vasitəsilə cəmiyyətə təlqin edilir.
Yazıçı hesab edir ki, bu simvolların bir qismi artıq ifadə etdikləri dəyərlərin mahiyyətindən uzaqlaşıb, funksionallığını və real məzmununu itirib.
Aqşin Yeniseyin fikrincə, yazıçının və filosofun əsas vəzifələrindən biri cəmiyyətin, ən azı, öz oxucusunun düşüncəsini təhlükəli simvollardan təmizləməkdir.
O, cəmiyyətin hər hansı simvolu müzakirə edərkən ilk növbədə həmin simvola bağlılığın insanlara nə qazandırdığı sualına cavab axtarmalı olduğunu vurğulayıb.
“Bu sualın cavabını isə eyni simvola bağlı olanların həyatında, gün-güzəranında aydın oxumaq mümkündür”, – deyə Aqşin Yenisey fikrini yekunlaşdırıb.
Vüsalə










