Bişkekdəki bu möhtəşəm tədbir xalqların dostluğuna töhfə verir
Müxtəlif xalqları birləşdirən dostluq, birlik və qarşılıqlı hörmət dəyərlərinin təbliği müasir dövrün mühüm məsələlərindən biridir.
Milli Məclisin sədr müavini Musa Qasımlı ERAmedia-ya açıqlamasında bildirib ki, bu məqsədə nail olmaq üçün müxtəlif vasitələrdən istifadə edilməsi, o cümlədən Dünya Köçəri Oyunlarının keçirilməsi mühüm və faydalıdır.
Onun sözlərinə görə, xalqların bir ərazidən digərinə köçməsi, yeni məskənlər salması, özləri ilə gəldikləri ərazilərə mədəniyyətlərini, adət-ənənələrini gətirməsi tarixin müxtəlif dövrlərində baş verib.
Musa Qasımlı qeyd edib ki, IV–VII əsrlərdə baş verən Böyük Köç nəticəsində bir sıra tayfa və xalqların məskunlaşma yerləri dəyişib:
“Bu proses özü ilə müəyyən məsələlər gətirməklə yanaşı, xalqların qarşılıqlı zənginləşməsinə də xidmət edib. Köçəri xalqlar sanki müasir dünyada gedən qloballaşma proseslərini özünəməxsus şəkildə həyata keçirib, öz sivilizasiyalarını yaradıblar”.
Milli Məclisin sədr müavini vurğulayıb ki, köçəri sivilizasiyasının irsinin, mədəniyyətinin, qədim ənənələrinin, milli dəyərlərinin və idman növlərinin nümayiş etdirilməsi, qorunması və gələcək nəsillərə ötürülməsi baxımından qardaş Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən VI Dünya Köçəri Oyunları xüsusi əhəmiyyət daşıyır.
“Belə kütləvi toplantılarda iştirak etməyin, keçirilən görüşlərin həm də böyük siyasi əhəmiyyəti vardır. Cənab Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın oyunların açılışında iştirak etmələri və keçirdikləri görüşlər də həmin amala xidmət edir”, – deyə Musa Qasımlı bildirib.
Mələk Onur









