BMT: Azərbaycan WUF13-ə yüksək səviyyədə ev sahibliyi edib
Bu forumun uğurla keçirilməsində Azərbaycan hökumətinin və xalqının fövqəladə qonaqpərvərliyi, liderliyi mühüm rol oynayıb.
ERAmedia xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi bağlanış mərasimində BMT Baş katibinin müavini Əminə Məhəmməd səsləndirib.
O, Azərbaycanın foruma yüksək səviyyədə ev sahibliyi etdiyini bildirib.
Əminə Məhəmməd həmçinin vurğulayıb ki, Azərbaycan 2026-cı ili Ümumdünya Şəhərsalma İli elan etməklə urbanizasiya məsələlərini qlobal gündəmə daşıyıb:
“Bakı qədim şəhər ənənələri ilə yanaşı, yenilənmə və dayanıqlılıq nümunəsini də nümayiş etdirir. İqlim dəyişikliyi və şəhərləşmə təzyiqləri dünyada daha tez-tez və daha intensiv təsirlərə səbəb olur”.
BMT Baş katibi qeyd edib ki, son günlər Azərbaycanda müşahidə olunan güclü yağışlar və tufanlar yeni reallıqlara qarşı nümayiş etdirməli olduğumuz dayanıqlılığın, qətiyyətin və birliyin açıq xatırlatmasıdır:
“Forumun uğurla keçirilməsində əməyi olan Azərbaycan tərəfinin əməkdaşlarına, UN-Habitat komandasına və bütövlükdə BMT sisteminə sarsılmaz sədaqət və peşəkarlıqlarına görə dərin təşəkkürümü bildirirəm”, – deyə Ə.Məhəmməd qeyd edib.










