BMT-nin ilk sınaqlarından biri: Sovet qoşunları necə geri çəkildi? – VİDEO
1946-cı ildə baş vermiş və tarixə “İran böhranı” kimi düşən hadisələr yenidən müzakirə mövzusuna çevrilib. ABŞ-ın keçmiş prezidenti Harri Trumenin həmin dövrdə sovet qoşunlarının Cənubi Azərbaycandan çıxarılması ilə bağlı sərt mövqe nümayiş etdirdiyini iddia edib.
ERAmedia-nın məlumatına görə, tarix üzrə fəlsəfə doktoru Zaur Əliyev mövzu ilə bağlı açıqlamasında bildirir ki, Trumenin sonradan səsləndirdiyi fikirlər müəyyən qədər şişirdilmiş xarakter daşıyır.
Onun sözlərinə görə, Trumen rusları hədələyərək, əgər qoşunlarını çıxarmasalar, ABŞ-ın bölgəyə yenidən hərbi qüvvə göndərəcəyini və Sakit okean donanmasını Fars körfəzinə yönəldəcəyini bəyan etmişdi.
Zaur Əliyev qeyd edir ki, bu fikirlər 1964–1965-ci illərdə hazırlanmış “Decision: The Conflicts of Harry S. Truman” sənədli serialı üçün çəkilib, lakin yayımlanmamış kadrlarda yer alıb. Həmin görüntülərdə Trumen hadisələrin gedişində ABŞ-ın qətiyyətli mövqe tutduğunu vurğulayır.
Tarixçinin sözlərinə görə, İkinci Dünya Müharibəsi dövründə SSRİ və Böyük Britaniya İran ərazisini işğal edərək strateji əhəmiyyətli neft yataqlarını və təchizat yollarını nəzarətdə saxlayırdı. Müharibədən sonra əldə edilmiş razılaşmaya əsasən, müttəfiq qüvvələr 1946-cı ilin martına qədər İranı tərk etməli idi.
“ABŞ və Böyük Britaniya razılaşmaya əməl etsə də, SSRİ qoşunlarını Cənubi Azərbaycandan çıxarmadı və burada yerli Azərbaycan Milli Hökumətinə dəstək verdi,” – deyə Zaur Əliyev bildirir.
Tarixçi alim vurğulayır ki, Trumenin iddialarının əksinə olaraq, böhranın həllində əsas rol beynəlxalq diplomatiyaya məxsus idi. Xüsusilə United Nations (BMT) yeni yarandığı dövrdə bu məsələ ilə bağlı ciddi təzyiq göstərərək SSRİ-ni çətin vəziyyətdə qoymuşdu.
Bununla yanaşı, İranın o zamankı baş naziri Əhməd Qavam sovet rəhbərliyi ilə danışıqlara gedərək onlara neft güzəştləri vəd etmiş və diplomatik yolla kompromis əldə olunmasına nail olmuşdu.
Nəticədə sovet qoşunları bölgədən geri çəkildi. Qısa müddət sonra isə İran hökumət qüvvələri Cənubi Azərbaycana daxil olaraq Azərbaycan Milli Hökumətini ləğv etdi.
Zaur Əliyevin fikrincə, bu hadisə həm Soyuq müharibənin ilk qarşıdurmalarından biri, həm də BMT-nin beynəlxalq arenada ilk ciddi sınaqlarından biri kimi tarixə düşüb.










