“BMW” 744 mindən çox avtomobili geri çağırır
Almaniyanın nəhəng avtomobil istehsalçısı olan “BMW” konserni mühərrikin işə salınması sistemində aşkar edilmiş nasazlıq səbəbindən dünya üzrə 744 min 234 avtomobili geri çağırır.
ERAmedia “Bild” qəzetinə istinadla xəbər verir ki, geriçağırılma kampaniyası çərçivəsində təkcə Almaniyada təxminən 42 min 300 avtomobil yoxlanılacaq. Geriçağırılma 2020-ci il iyulun 31-dən bu il fevralın 26-dək olan müddətdə istehsal edilmiş müəyyən BMW 2, 3, 4, 5, 6 və 7 seriyaları, X3, X4, X5, X6 və X7 modelləri, həmçinin Z4 rodsteri və i3 elektromobilini əhatə edir.
Nasazlığın mühərrik starterindəki rele ilə bağlı olduğu bildirilir. Detalın aşınması nəticəsində yaranan çöküntülərin elektrik müqavimətini artıra, bu isə hissənin həddindən artıq qızmasına, qısaqapanmaya və ən pis halda avtomobildə yanğına səbəb ola biləcəyi qeyd olunub. İndiyədək bu nasazlıqla əlaqədar hər hansı xəsarət və ya maddi ziyanın qeydə alınmadığını bildirilib.
BMW bütün nasaz starterləri rəsmi servis mərkəzlərində ödənişsiz dəyişdirəcək və geri çağırılmaya daxil olan avtomobillərin sahiblərinə yazılı bildiriş göndərəcək.









