media-2016-10-28-19-55-16moldova-azerbaycan-taboru

media-fariz_seferov

Fariz Səfərov Azərbaycanın igid oğullarından biri, İkinci Dünya müharibəsində göstərdiyi şücaətə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş hərbçidir.

ERAmedia xəbər verir ki, o, cəbhədə nümayiş etdirdiyi cəsarət və qətiyyətlə adını tarixə yazdırmışdır. Xüsusilə Dnepr çayı uğrunda gedən döyüşlərdə göstərdiyi igidlik onun hərbi xidmətində mühüm yer tutur. Müharibədən sonra da orduda xidmətini davam etdirərək Vətənə sədaqətlə xidmət edib.

Fariz Məcid oğlu Səfərov 20 iyun 1920-ci ildə Ağdaş rayonunun Ləki qəsəbəsində anadan olub. O, qəsəbədəki 6 nömrəli orta məktəbin 7-ci sinfini bitirdikdən sonra Bakı şəhərinin Biləcəri qəsəbəsində yerləşən 5 nömrəli rusdilli məktəbin hazırlıq kursunu başa vurub.

Hərbi xidmətə çağırılan Fariz Səfərov 10 günlük məzuniyyətə buraxılmış baş serjant idi. Müharibə başladıqdan sonra o, Minskdə yerləşən hərbi hissəsinə qayıtmalı olur. Lakin yolda hərəkət etdiyi qatar alman təyyarələri tərəfindən bombalanır. Çoxlu sayda itki verilsə də, Fariz Səfərov sağ qalır və sonradan 416-cı Taqanroq atıcı diviziyasının tərkibinə qoşulur.

1943-cü ildə Zaporojye ətrafında gedən ağır döyüşlər zamanı Qırmızı Ordu hissələri düşməni sıxışdıraraq Dnepr çayına doğru irəliləyirdi. Həmin vaxt baş serjant Səfərov gecənin qaranlığında bir qrup döyüşçü ilə birlikdə qayıqlarla çayın qarşı sahilinə keçib. Onun rəhbərliyi ilə həyata keçirilən əməliyyat uğurla başa çatıb, alman ordusuna məxsus xeyli sayda silah-sursat və texnika ələ keçirilib. Bu əməliyyatdan sonra Sovet qoşunları Dnepr çayını keçərək hücumu genişləndirib.

19 mart 1944-cü ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Səfərov Fariz Məcid oğlu Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Müharibədən sonra Fariz Səfərov ordudan ayrılmayıb, 1951–1954-cü illərdə M.V.Frunze adına Hərbi Akademiyada təhsil alıb. 1957-ci ildə mayor rütbəsində ehtiyata buraxılıb.

Fariz Səfərov 27 avqust 1964-cü ildə vəfat edib və Bakı şəhərində Fəxri xiyabanda dəfn olunub.

Hazırda Ləki qəsəbəsində onun ev-muzeyi fəaliyyət göstərir, Ağdaş Tarix-Diyarşünaslıq Muzeyində isə xatirəsinə həsr olunmuş guşə yaradılıb.

Qeyd edək ki, Fariz Səfərov Azərbaycanın sabiq daxili işlər naziri Arif Heydərovun xalası oğludur.

Vusalə


media-adspc

Bənzər xəbərlər