Böyük aktyorun həyatından maraqlı MƏQAMLAR
Azərbaycanın görkəmli səhnə ustalarından biri olan Ağahüseyn Cavadovun doğum günüdür.
ERAmedia xəbər verir ki, Xalq artistinin həyat və yaradıcılığı ilə bağlı maraqlı faktlar onun sənət yolunun zənginliyini bir daha ortaya qoyur.
Aktyor 1918-ci ildə Surət adlı xanımla ailə həyatı qurub. Bu nikahdan onların yeddi övladı – beş oğlu və iki qızı dünyaya gəlib. Övladlarından iki nəfər İkinci Dünya Müharibəsi illərində cəbhəyə yollanıb və onlardan biri müharibədən əlil qayıdıb. Qızları isə ömürlərini pedaqoji fəaliyyətə həsr edərək müəllim kimi çalışıblar. Bu gün aktyorun övladlarından heç biri həyatda deyil.
1957-ci ildə həyat yoldaşı ağır xəstəliyə tutulur və iflic keçirir. Ağahüseyn Cavadov onun sağalması üçün müxtəlif müalicə yollarına əl atsa da, nəticə əldə olunmur. Surət xanım uzun illər yataq xəstəsi kimi yaşayır və 1964-cü ildə vəfat edir. Aktyor həyat yoldaşına olan dərin bağlılığı ilə seçilib – tez-tez onun məzarını ziyarət edər, tək-tənha qalıb xatirələrə dalarmış. Sevdiyi insanın ölümündən sonra o, daha 17 il ömür sürüb.
Sənətkar gündəlik həyatında sağlamlığına xüsusi diqqət yetirirdi. Daim fiziki aktiv olur, səhərlər idman edir, gün ərzində isə uzun piyada gəzintilərə çıxırdı. Hətta bəzi günlər evindən teatra qədər yolu da piyada qət edirdi.
Onunla bağlı maraqlı hadisələrdən biri də teatr səhnəsində yaşanıb. Bir tamaşa zamanı Mustafa Mərdanov rekvizit olaraq istifadə etdiyi süni bığını itirdiyindən həmkarı Ağahüseyn Cavadovun bığından istifadə edib. Bu hadisədən sonra teatr rəhbərliyi tərəfindən səhnə qaydalarının pozulması ilə bağlı aktyora töhmət verilməsi barədə elan yayılıb.
1978-ci ildə sənətkar insult keçirir, lakin müalicədən sonra yenidən səhnəyə qayıtmağı bacarır. Təəssüf ki, 1981-ci ildə baş verən ikinci insult onun həyatına son qoyur – aktyor bu hadisədən cəmi üç gün sonra vəfat edir.
Ağahüseyn Cavadov kino sahəsində də özünəməxsus iz qoyub. O, çəkildiyi bütün filmlərdə rollarını şəxsi səsi ilə səsləndirən nadir aktyorlardan biri kimi tanınır.









