Böyük Britaniyada baş nazir istefa verə bilər - SƏBƏB
Böyük Britaniyada hakim Leyboristlər Partiyasında səs-küylü diplomatik qalmaqal və daxili idarəetmə böhranı fonunda lider dəyişikliyi ilə bağlı müzakirələr güclənir.
ERAmedia xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Leyboristlər Partiyasında baş nazir Kir Starmerin yaxın zamanda istefa verə biləcəyi ehtimalı müzakirə olunur. Buna səbəb ABŞ-a səfir təyin olunan Piter Mandelsonun əvvəlki illərdə Ceffri Epşteynlə əlaqələrinin olması ilə bağlı yaranan rezonansdır.
“Bloomberg”in məlumatına görə, partiya daxilində bu təyinatın hökumətin nüfuzuna ciddi zərbə vurduğu və siyasi böhranın dərinləşməsi üçün tetik rolunu oynadığı düşünülür.
Vəziyyəti daha da ağırlaşdıran amillərdən biri də baş nazirin aparat rəhbəri Morqan MakSuininin istefası olub. O, Mandelsonun səfir təyinatını tövsiyə etdiyinə görə “tam məsuliyyəti” üzərinə götürdüyünü bəyan edib. Lakin partiya üzvləri yekun qərarın məhz hökumət başçısı səviyyəsində verildiyini vurğulayırlar.
2024-cü il seçkilərində leyboristlərin qələbəsinin əsas memarlarından biri sayılan MakSuininin gedişi Baş nazirin kabinet daxilindəki mövqelərini xeyli zəiflədib.
Mənbələrin bildirdiyinə görə, bəzi nazirlər qapalı şəkildə baş nazirdən könüllü olaraq postunu tərk etməsini tələb etməyə və ya əks halda öz istefaları ilə hədələməyə hazırlaşırlar.
Leyboristlər Partiyasında həmçinin hökumətin sol qanadın iştirakı ilə yenidən formalaşdırılması variantı da müzakirə olunur, lakin bu ssenarinin real olub-olmaması ilə bağlı fikir ayrılıqları var.
Qarşıdan gələn növbədənkənar və yerli seçkilər fonunda, partiyanın mandat itirmək riski Starmerin lider mövqeyini daha da zəiflədir.
Əlavə gərginlik müxalifətin təzyiqləri ilə də artır; müxalifət qalmaqala görə birbaşa baş naziri məsuliyyətli hesab edir.
Partiya daxilində artıq mümkün varislərin adları çəkilir. Mandelsonun təyinatı ilə bağlı yoxlama sənədlərinin dərc olunması isə vəziyyəti daha da çətinləşdirə bilər.
“Bloomberg”lə danışan mənbələrin fikrincə, qarşıdakı həftə hazırkı baş nazirin siyasi taleyi baxımından həlledici ola bilər.
Vüsalə









