media-arzu-nagiyev-ela

İşğaldan azad olunmuş ərazilərin bərpası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi və həmin ərazilərin ölkənin sosial-iqtisadi həyatına reinteqrasiyası Azərbaycanın qarşısında duran əsas strateji vəzifələrdəndir.

ERAmedia xəbər verir ki, bunu Milli Məclisin deputatı Arzu Nağıyev bildirib.

A.Nağıyev əlavə edib ki, Böyük Qayıdış Azərbaycanın dövlət siyasətində xüsusi əhəmiyyət daşıyan və uzunmüddətli perspektivə hesablanmış mühüm layihələrdən biridir. Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri həm sosial, həm iqtisadi, həm də demoqrafik baxımdan ölkənin gələcək inkişafına ciddi təsir göstərəcək.

“Bu gün Qarabağ və Şərqi Zəngəzurda müasir şəhərsalma prinsipləri əsasında yeni yaşayış məntəqələri salınır, yol-nəqliyyat, enerji, su, rabitə və digər infrastrukturlar yaradılır. Böyük Qayıdışın əsas məqsədi insanların doğma torpaqlarına qayıtmasını təmin etməklə yanaşı, burada davamlı və dayanıqlı həyatın formalaşdırılmasıdır. Bunun üçün məşğulluq imkanlarının yaradılması, sahibkarlığın inkişafı, investisiyaların cəlb olunması və yeni iqtisadi fəaliyyət sahələrinin formalaşdırılması mühüm əhəmiyyət daşıyır”,- deyə Arzu Nağıyev vurğulayıb.

Deputatın sözlərinə görə, regionun inkişafında nəqliyyat və logistika layihələrinin də xüsusi rolu var: “İşğaldan azad edilmiş ərazilərdə inşa olunan avtomobil yolları, dəmir yolu xətləri və hava limanları Qarabağ və Şərqi Zəngəzurun Azərbaycanın digər bölgələri ilə əlaqəsini gücləndirməklə yanaşı, bu ərazilərin beynəlxalq nəqliyyat və logistika sisteminə inteqrasiyasına imkan yaradır. Böyük Qayıdış həm də regionların balanslı inkişafına mühüm töhfə verir. Yeni yaşayış məntəqələrinin salınması, sənaye və istehsal müəssisələrinin yaradılması, kənd təsərrüfatının inkişafı, turizm potensialının reallaşdırılması və xidmət sektorunun genişləndirilməsi Qarabağ və Şərqi Zəngəzurda iqtisadi fəallığın artmasına səbəb olacaq. Azərbaycan Prezidenti İlham Əliyev də Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı zamanı Qarabağ və Şərqi Zəngəzurun bərpasını ölkə qarşısında duran əsas strateji vəzifələrdən biri kimi qeyd edib.

Deputat Arzu Nağıyev əlavə edib ki, Prezident İlham Əliyevin müəyyən etdiyi strateji hədəflər Böyük Qayıdış prosesinin təkcə sosial layihə deyil, həm də ölkənin gələcək iqtisadi və regional inkişaf strategiyasının mühüm hissəsi olduğunu göstərir.

Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda yaradılan yeni infrastruktur, iqtisadi imkanlar və əlverişli investisiya mühiti gələcəkdə yerli və xarici investorların regiona marağını daha da artıracaq.

“Bu gün Qarabağ və Şərqi Zəngəzurda görülən işlər Azərbaycanın gücünün, iqtisadi imkanlarının və gələcəyə baxışının göstəricisidir. Əsas məqsəd insanların öz doğma torpaqlarında rahat və təhlükəsiz yaşamasını, işləməsini, təhsil almasını təmin etməkdir. Bu baxımdan Böyük Qayıdış Azərbaycanın dövlətçilik tarixində yeni inkişaf mərhələsinin başlanğıcıdır”, – deyə deputat əlavə edib.


media-adspc

Bənzər xəbərlər