media-whatsapp-image-2026-05-08-at-11-07-26

Azərbaycan türkləri keçmişlərinin böyüklüyünü və gələcəkdəki potensiallarını səssiz bir vüqarla daşıyırlar – İngilis diplomatı Ceyms Brays

Britaniyanın ABŞ-dakı səfiri olmuş Ceyms Braysın maraqlı bir kitabını sizə təqdim edirəm. O, “Zaqafqaziya və Ararat” adlı əsərini 1876-cı ildə etdiyi səyahət zamanı yazmış və Qafqazın coğrafiyası, xalqları barədə qeydlər aparmışdır.

Müəllif azərbaycanlılar, gürcülər, ermənilər və ruslar arasındakı münasibətləri, həmçinin onların həyat tərzini müşahidə edərək neytral mövqedən qələmə almışdır.

Onun Qafqaz səyahətinin ən önəmli məqamlarından biri Bakı şəhərini gördükdən sonra yazdığı qeyddir:

“Bakı gələcəkdə dünyanın ən böyük enerji mərkəzlərindən biri olacaq.”

Daha sonra o yazır:

“Bakından Təbrizə qədər geniş bir ərazidə eyni Azərbaycan türkcəsi danışılır”.

İngilis diplomat qeyd edir ki, tarixdə “Qafqaz Albaniyası” adı ilə mövcud olmuş qədim dövlətin coğrafi və siyasi davamı Azərbaycandır. Müəllif xüsusilə vurğulayır ki, Qafqazda mövcud olmuş xristian Albaniyası sonrakı dövrlərdə müxtəlif siyasi proseslər nəticəsində zəifləyərək təsir altına düşmüşdür.

Braysın fikrincə, bölgədə bəzi dini və mədəni dəyişikliklər nəticəsində yerli alban əhalisinin bir hissəsi assimilyasiya proseslərinə məruz qalmışdır.

Kitabda Azərbaycan xalqının etnik kökləri ilə bağlı da qeydlərə rast gəlinir. Müəllif Azərbaycan türklərini yalnız köçəri gəlmələr kimi deyil, bu torpaqların qədim sakinləri ilə bağlılığı olan bir xalq kimi təsvir edir.

O yazır ki, Azərbaycan dili Qafqazda, Şimali İranda və Orta Asiyanın bəzi bölgələrində geniş şəkildə anlaşılır və ünsiyyət vasitəsi kimi istifadə olunur.

Brays Qafqaz xalqlarının xüsusiyyətlərini belə ümumiləşdirir:

“Azərbaycanlılar torpağa bağlı, cəsarətli və hərbi ruhlu insanlardır. Eyni zamanda sözlərinə sadiqdirlər”.

O, azərbaycanlıları Qafqazın ən köklü və dayanıqlı etnik qruplarından biri kimi qiymətləndirir və qeyd edir:

“Azərbaycan türklərinin dili və kimliyi o qədər güclüdür ki, zamanla bölgədəki digər kiçik etnik qrupları öz içində birləşdirmə potensialına malikdir”.

Ermənilər və azərbaycanlılar arasında müqayisələrə də yer verən müəllif müxtəlif xalqların xarakter xüsusiyyətləri barədə öz müşahidələrini qeyd edir.

Brays İrəvan şəhərinə dair qeydlərində şəhərin tarixən müsəlman-türk əhalisi ilə bağlı olduğunu yazır və bölgədə baş vermiş demoqrafik dəyişikliklərə toxunur.

Kitabın giriş hissələrində isə belə bir qeyd yer alır:

“Kür çayının suvardığı bu geniş və münbit düzənliklər qədim Albaniya torpaqlarıdır və bu gün də bu ərazilərin əsl sakinləri öz həyat tərzləri ilə həmin qədim dövrlərin sadəliyini qoruyub saxlayırlar”.

Zaur Əliyev

media-whatsapp-image-2026-05-08-at-11-07-38


media-adspc

Bənzər xəbərlər