Braziliyada süni intellekt skandalı
Braziliyada prezident seçkiləri ərəfəsində Flavio Bolsonaro ilə əlaqələndirilən seçki kampaniyasına aid süni intellekt görüntüləri mübahisələrə yol açıb.
ERAmedia xəbər verir ki, sosial şəbəkələrdə yayılan və orta yaşlı kişilərin gənc qadınlara çevrildiyi iddia edilən görüntülər “Bolsonaro Bombshell” adı ilə gündəmə gəlib. Lakin bu materialların Bolsonaronun rəsmi seçki kampaniyası tərəfindən hazırlandığı hələlik təsdiqlənməyib.
Braziliyada seçki mühiti getdikcə qızışdığı bir vaxtda Flavio Bolsonaronun tərəfdarları ilə əlaqələndirilən süni intellekt məzmunları sosial şəbəkələrdə diqqət çəkib.
Paylaşımlarda orta yaşlı kişilərin süni intellekt vasitəsilə gənc qadınlara çevrildiyi iddia olunur. Bu görüntülərin Bolsonaro tərəfdarı olan qadınların sayını olduğundan daha çox göstərmək məqsədilə hazırlandığı irəli sürülür.
Sosial şəbəkə istifadəçiləri süni intellektlə yaradıldığı bildirilən qadın obrazlarını “Bolsonaro Bombshell” adlandırıblar. Paylaşımlar siyasi kampaniyalarda süni intellektdən istifadə ilə bağlı müzakirələri də gücləndirib.
Braziliyanın faktları yoxlamaq üzrə ixtisaslaşmış “Agencia Lupa” təşkilatının oktyabrın 20-də dərc etdiyi araşdırma hadisənin miqyasını üzə çıxarıb. Araşdırma çərçivəsində iki “Instagram” hesabında süni intellektlə yaradılmış qadın obrazlarının Bolsonaronun seçki tədbirlərində iştirak edirmiş kimi təqdim olunduğu 28 video aşkarlanıb. Həmin videoların ümumilikdə 47,7 milyon dəfə izlənildiyi müəyyən edilib.
Araşdırmaya görə, sözügedən hesablar süni intellektlə yaradılmış obrazlar vasitəsilə izləyici toplamaqla yanaşı, istifadəçiləri ödənişli böyüklər üçün nəzərdə tutulan məzmuna da yönləndirib. Bəzi görüntülərdə isə real tədbirlərin videolarında iştirak edən şəxslər virtual qadın obrazları ilə əvəzlənib.
“BBC Brasil”in araşdırmasında isə həm Bolsonaro, həm də onun rəqibi Lula da Silvanı dəstəkləyən süni intellektlə yaradılmış qadın obrazlarına aid 37 sosial media profili müəyyən edilib.
Mələk Onur










