media-40d861a7-144f-4d38-be35-5a5d0a9de7c9
media-bant_master

Litvada Belarusdan qaçaq mal daşıyan meteoroloji balonların hava sahəsini pozmağa davam etməsi səbəbindən ölkədə fövqəladə vəziyyət tətbiq edilib.

ERAmedia-nın məlumatına görə, Litva hökumətinin yazılı açıqlamasında bildirilir ki, bu balonlar milli təhlükəsizlik maraqlarına, insanların həyatına və sağlamlığına, əmlaka və ətraf mühitə təhlükə yaratdığı üçün hökumət qərarı ilə bu gündən etibarən ölkə üzrə fövqəladə vəziyyət rejimi tətbiq olunub.

Fövqəladə vəziyyət əməliyyatlarına Litvanın daxili işlər naziri Vladislav Kondratoviç rəhbərlik edəcək.

Baş nazir İnqa Ruqiniene bildirib ki, elan edilmiş fövqəladə vəziyyət vətəndaşlara heç bir narahatlıq yaratmayacaq. O qeyd edib ki, Belarusun hibrid hücumuna qarşı mübarizə apararkən ən sərt tədbirləri görməli və bu hücumdan ən çox təsirlənmiş sahələri qorumaq məcburiyyətindədirlər. “Bütün müvafiq qurumlar qaçaq balonların yaratdığı təhlükəni aradan qaldırmaq üçün birləşib”, – baş nazir deyib.

Daxili işlər naziri Kondratoviç isə fövqəladə vəziyyət sayəsində hərbi personal ilə daha sıx əməkdaşlıq qurula biləcəyini və onların müəyyən xüsusi səlahiyyətlərə malik olacağını bildirib.

Hökumətin açıqlamasında qeyd olunur ki, qaçaq meteoroloji balonların mülki aviasiyaya yaratdığı təhlükə səbəbindən Vilnüs Hava Limanı oktyabr ayından bəri təxminən 60 saat bağlı qalıb, 300-dən çox uçuş təsirlənib və 47 mindən çox sərnişin narahat olub.

Fövqəladə vəziyyətin nə qədər davam edəcəyi barədə hələlik məlumat verilmir.

Qeyd edək ki, Litvanın paytaxtı Vilnüs və eyni adı daşıyan hava limanı Belarusdan qaçaq siqaret daşıyan meteoroloji balonların hava sahəsini pozması səbəbindən oktyabr ayından bəri bir neçə dəfə saatlarla uçuşlara bağlanmışdı. Bu hadisələrə cavab olaraq Litva hər dəfə Belarus ilə sərhəd keçidlərini müvəqqəti bağlayıb.

Rəsmi şəxslər əvvəllər də Belarusu sərhəddən belə balonlar göndərərək qaçaq mallar daşımaq və ya Vilnüs yaxınlığındakı hava hərəkətini pozmaqda ittiham etmişdilər.

Baş nazir Ruqiniene bildirib ki, ölkə Belarus ilə sərhəd keçidlərini müddətsiz bağlamağı və sözügedən balonları vuraraq məhv etməyi planlaşdırır.

Vural Həsənoğlu


media-adspc

Bənzər xəbərlər