“Bu, Azərbaycanın daxili işlərinə müdaxilədir” – Ekspert
Siyasi təhlilçi Asif Nərimanlı Türkiyədən Azərbaycanda məktəblərdə vahid geyim formasının tətbiqi ilə bağlı səsləndirilən açıqlamaları şərh edib.
ERAmedia-nın məlumatına görə, Asif Nərimanlı bildirib ki, Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın vahid məktəbli formasına etiraz edərək, “hicablı tələbələrin təhsil hüququnun əngəllənməsi qəbul edilməzdir” açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilə bilər və baş verənlərin “hicab qadağası” kimi təqdim olunmasına xidmət edir.
Onun sözlərinə görə, bu cür müdaxilələri və çağırışları indiyədək daha çox İrandan eşitmək mümkün olub. İndi isə Türkiyənin də bu sıraya qoşulması regionda dini-ideoloji planlarla bağlı məsələlərə diqqət yetirilməsini zəruri edir. Asif Nərimanlı hesab edir ki, Azərbaycanın dünyəvi təhsil sistemi üzərində xüsusilə dayanmasında bu amillərin rol oynadığı istisna edilməməlidir.
Siyasi təhlilçi Türkiyədən səsləndirilən ən təhlükəli açıqlamanın Anadolu Aslanları İş Adamları Dərnəyinə (ASKON) məxsus olduğunu vurğulayıb. Qurum Azərbaycanda baş örtüyünə görə məktəbə gedə bilməyən şagirdlərin Türkiyədə təhsil almasını və yaşamasını təmin etməyə hazır olduğunu bəyan edib.
Asif Nərimanlının fikrincə, bu təklif bir neçə baxımdan diqqət çəkir. İlk növbədə, Azərbaycan dövlətinin vahid məktəbli forması ilə bağlı qərarına açıq müdaxilə kimi qiymətləndirilə bilər. İkincisi, qərarın icrasına və onun tam şəkildə həyata keçirilməsinə mane olmaq cəhdi kimi dəyərləndirilə bilər.
O qeyd edib ki, ASKON-un təqdim etdiyi seçim Azərbaycanda açıq şəkildə itaətsizliyə çağırış hesab oluna bilər.
Siyasi təhlilçi bu təklifin arxasında Türkiyə hakimiyyətinin yanaşmasının dayanması ehtimalının da istisna edilməməli olduğunu bildirib. Onun sözlərinə görə, xüsusilə Oktay Saralın açıqlaması fonunda bu məsələ daha ciddi diqqət tələb edir.
Asif Nərimanlı hesab edir ki, Türkiyədən səsləndirilən bu mövqe kifayət qədər təhlükəlidir və mövzu daha geniş siyasi müzakirə tələb edir.
Mələk Onur










