Bu bölgədə risklər artır: “Təhlükəsizlik vədi yerini dağıntıya verib” - AÇIQLAMA
Yaxın Şərqdə son proseslər regionda təhlükəsizlik və sabitlik məsələlərini yenidən qlobal gündəmin mərkəzinə çıxarıb.

- Eylem Okumuş
Yaxın Şərq üzrə mütəxəssis və qlobal müdafiə yazarı Eylem Okumuş ERAmedia-ya özəl açıqlamasında bildirib ki, Benyamin Netanyahu artıq yalnız mübahisəli lider kimi deyil, bölgəni daha geniş qarşıdurmaya sürükləyən əsas fiqur kimi qiymətləndirilməlidir.
Onun sözlərinə görə, İsrail rəhbərliyinin atdığı addımlar nəzarət olunan strategiyadan daha çox xaos yaradan yanaşmanı xatırladır:
“Ortada nə aydın qələbə var, nə də idarə oluna bilən proses. Bu, daha çox böyüyən dağıntılar və zəifləyən beynəlxalq nüfuz mənzərəsidir”.
Ekspert qeyd edib ki, uzun illər təhlükəsizlik arqumenti üzərindən güc qazanan Netanyahu hökuməti bu gün həmin vədləri doğrulda bilmir: “Hazırkı vəziyyətdə təhlükəsizlik anlayışı ciddi zərbə alıb. Gərginlik azalmaq əvəzinə daha da dərinləşir”.
Okumuş vurğulayıb ki, müxtəlif cəbhələrdə paralel şəkildə artan hərbi aktivlik vahid və sabit strategiyanın olmadığını göstərir:
“Bir tərəfdə atəşkəs siqnalları verilir, digər tərəfdə isə yeni gərginlik ocaqları yaradılır. Bu, güc nümayişindən çox nəzarətin itirilməsi təsiri bağışlayır”.
Ekspertin fikrincə, Fələstin ərazilərində, xüsusilə Qəzzada baş verənlər vəziyyətin ən dramatik tərəfidir. O bildirib ki, mülki infrastrukturun zərər görməsi və insanların əsas ehtiyaclara çıxışının məhdudlaşması ciddi narahatlıq doğurur:
“Şəhərlər yalnız fiziki deyil, psixoloji baxımdan da böyük zərər görür. Bu vəziyyət artıq sadə münaqişə çərçivəsini aşır və beynəlxalq hüquq müstəvisində ciddi müzakirələrə səbəb olur”.
Eylem Okumuş əlavə edib ki, Livan istiqamətində baş verənlər regional sabitlik üçün daha geniş risklər yaradır. Onun sözlərinə görə, sərhəd bölgələrində artan hərbi fəaliyyət mülki əhali üçün təhlükəni artırır və uzunmüddətli sabitliyi sual altına qoyur: “Bu cür addımlar artıq yalnız hərbi taktika deyil, regionun gələcəyinə təsir edən strateji risk faktorudur.”
Ekspert beynəlxalq reaksiyanın zəifliyini də xüsusi vurğulayıb. O hesab edir ki, böyük güclərin passiv mövqeyi vəziyyətin daha da gərginləşməsinə şərait yaradır:
“Açıq problemlərə baxmayaraq yetərli reaksiya verilməməsi regiondakı gərginliyi dolayı yolla artırır”.
Eylem Okumuşun fikrincə, mövcud proseslər yalnız qısamüddətli hərbi əməliyyatlarla izah olunmamalıdır. O bildirib ki, bəzi addımlar daha geniş siyasi və ideoloji məqsədlərlə əlaqələndirilir. “Regionda demoqrafik və siyasi balansın dəyişməsi ehtimalı diqqətlə izlənilməlidir”, – deyə o bildirib.
Sonda ekspert qeyd edib ki, hazırkı vəziyyət təkcə regional deyil, qlobal təhlükəsizlik üçün də ciddi nəticələr doğura bilər:
“Əgər bu proseslər vaxtında nəzarət altına alınmasa, nəticələri daha geniş miqyasda hiss olunacaq”.










