media-17913929524194959488_1200x630

Üçüncü yer uğrunda görüş gərgin keçdi. Doğma azarkeşlər önündə qələbə qazanmaq həqiqətən də xüsusi məsuliyyət daşıyır.

ERAmedia xəbər verir ki, bu sözləri Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanan Azərbaycan cüdoçusu Ömər Rəcəbli (81 kiloqram) jurnalistlərə açıqlamasında deyib.

O, Qazaxıstan idmançısı ilə ikinci dəfə qarşılaşdığını xatırladıb.

“Əvvəlki görüşdə olduğu kimi, bu dəfə də hesabda geridə idim. Lakin öz-özümə söz vermişdim ki, doğma arenada, ailəmin və azarkeşlərimin gözü önündə məğlub ola bilmərəm. Məhz bu dəstək sayəsində geridönüş edərək qələbə qazandım”, – deyə Ömər Rəcəbli vurğulayıb.

Qızıl medal üçün bir qədər özünəinamın çatmadığını qeyd edən cüdoçu zədə səbəbindən məşqlərdən bir qədər uzaq qalmasının da nəticəyə təsir etdiyini diqqətə çatdırıb. Qazanılan uğurda ailəsinin böyük payı olduğunu vurğulayan Ömər Rəcəbli deyib: “Ailəm mənimlə birgə idmançı həyatı yaşayır, rejimlə yatır və qidalanırlar. Bu medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir”.

İdmançı növbəti əsas məqsədinin Master turnirlərində uğurla çıxış etmək və Olimpiya Oyunlarına lisenziya qazanaraq çempion titulu əldə etmək olduğunu bildirib.

Qeyd edək ki, mundiala oktyabrın 11-də yekun vurulacaq.


media-adspc

Bənzər xəbərlər