Bu çağırışçıların NƏZƏRİNƏ!
Azərbaycan Respublikası Müdafiə Nazirliyində hərbi xidmətkeçmə ilə bağlı müvafiq konsepsiyaya əsasən, hərbi xidmətdə olan yüksək intellektə malik istedadlı hərbi qulluqçular hərbi xidmətlərini Milli Müdafiə Universitetinin tərkibində yaradılmış bölmələrdə xüsusi şəraitdə davam etdirirlər. Həmin hərbi qulluqçular qeyd edilən bölmələrdə öz ixtisaslarına uyğun müxtəlif layihələrə və fəaliyyətlərə cəlb olunurlar.
ERAmedia-ya Müdafiə Nazirliyindən verilən məlumata görə, cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə beynəlxalq reytinqi (“Times Higher Education (THE) World University Rankings” və ya “Academic Ranking of World Universities” (Shanghai)) ilk 500-cü sırada yer alan xarici ali təhsil müəssisələrinin bakalavriat və ya magistratura proqramlarının məzunları olan çağırışçıların həmin intellektual qabiliyyətli bölmələrdə xidmət etmələri nəzərdə tutulub.
Hazırda Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissələrdə xidmət keçən, yuxarıda qeyd olunmuş siyahılarda yer alan xarici təhsil müəssisələrində təhsil almış hərbi qulluqçuların adıçəkilən bölmələrdə xidmət etmələrini təmin etmək məqsədilə onların ailə üzvlərindən 31.07.2026-cı il tarixədək aşağıda qeyd olunan məlumatları [email protected] elektron ünvanına göndərmələri xahiş olunur:
– çağırışçının adı, soyadı və ata adı;
– çağırış rübü və ili (çağırıldığı tarix);
– Xarici dövlətlərin təhsil müəssisələrində ali təhsil almış şəxslərin ixtisaslarının Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən tam tanınmasına (akademik və peşə) dair sənəd (PDF formatında) və ya tanınma prosesinin başlamasına dair sistemdən çıxarış.
Qeyd olunan kateqoriyaya aid çağırışçıların intellektual qabiliyyətli bölmələrdə xidmətə cəlb edilməsi Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında 600 və daha yüksək bal toplamış çağırışçılarla eyni layihə çərçivəsində həyata keçirilir. Bu səbəbdən qəbul imtahanlarında 600 və daha yüksək bal toplamış şəxslər aidiyyəti dövlət qurumları ilə qarşılıqlı məlumat mübadiləsi əsasında müəyyən edildiyindən, onların ailə üzvləri tərəfindən əlavə müraciət edilməsinə ehtiyac yoxdur.










