Bu elan sizi təhlükəyə ata bilər - Gənclərə ÇAĞIRIŞ
İnsan alveri dünyada ən təhlükəli və gizli cinayətlərdən biri hesab olunur.
ERAmedia xəbər verir ki, Gənclər üçün Təhsil Mərkəzinin (GTM) Qarabağ regional ofisinin rəhbəri Radə Telmanqızının sözlərinə görə, insan alveri insanların aldatma, təhdid və ya məcbur etmə yolu ilə istismar olunmasıdır.
O bildirib ki, bu istismar məcburi əmək, cinsi istismar, dilənçiliyə məcbur etmə, qanunsuz orqan transplantasiyası, surroqat analıq, məcburi ev xidmətləri və ya digər qanunsuz fəaliyyətlərdə özünü göstərə bilər.
R.Telmanqızı vurğulayıb ki, insan alverinin əsas xüsusiyyəti ondan ibarətdir ki, qurban öz iradəsi ilə deyil, aldatma, təzyiq və ya asılılıq yolu ilə istismara məruz qalır. “Bəzən gənclərə xaricdə yaxşı maaşlı iş, təhsil və ya daha yaxşı həyat vəd edilir, lakin sonradan onlar müxtəlif formalarda istismar olunurlar,” – deyə o qeyd edib.
O bildirib ki, uzun illərdir dövlət qurumları, hüquq-mühafizə orqanları və İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası cəmiyyəti bu təhlükə barədə məlumatlandırmağa çalışır. Son illərdə isə texnologiyanın və internetin inkişafı insan alverində yeni mərhələ yaradıb. Artıq mübarizə yalnız real həyatda deyil, sosial şəbəkələrdə də aparılır.
Mütəxəssis əlavə edib ki, müasir texnologiyalar və süni intellekt şübhəli iş elanlarını, saxta profilləri və riskli onlayn əlaqələri müəyyən etməyə kömək edir. Lakin cinayətkarlar da eyni texnologiyalardan istifadə edərək gəncləri aldada bilirlər. Onlar sosial şəbəkələrdə saxta profillər yaradır, xaricdə yüksək maaşlı iş vəd edən elanlar paylaşır və gənclərin etibarını qazanaraq onları istismara yönəldirlər.
O gənclərə xüsusi xəbərdarlıq edib ki, aşağıdakı risklərə diqqət yetirsinlər: real olmayan yüksək maaşlı iş təklifləri, şəxsi sənədlərin və məlumatların tələb edilməsi, tanımadıqları şəxslərin xaricdə iş və ya model karyerası vəd etməsi, görüş və ya səyahət üçün tələsdirmə və təzyiq göstərilməsi.
R.Telmanqızı vurğulayıb ki, insan alveri ilə mübarizə yalnız dövlət qurumlarının işi deyil, bu, bütün cəmiyyətin ortaq məsuliyyətidir. “Məlumatlı olduqca insanlar riskləri daha tez tanıya və özlərini bu təhlükədən qoruya bilərlər,” – deyə o bildirib.
Vüsalə










