Bu ərazilərdən məcburi köç başladı
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK) sözçüsü Metyu Saltmarş bildirib ki, Yaxın Şərqdə son dövrlərdə artan qarşıdurmalar nəticəsində 330 mindən çox insan zorla evindən didərgin düşüb.
ERAmedia-nın məlumatına görə, Saltmarş yazılı açıqlamasında qeyd edib ki, Yaxın Şərqdə baş verən gərginliklər əhəmiyyətli əhali hərəkətlərinə səbəb olub.
O, Əfqanıstan və Pakistan arasında baş verən qarşıdurmaların minlərlə ailəni qaçmağa vadar etdiyini, BMTQAK-nın isə yerindən edilmiş şəxslərə dəstək verdiyini və lazım gəldikdə yardımlarını artırmağa hazır olduğunu vurğulayıb.
Saltmarş əlavə edib ki, ABŞ və İsrailin hədəfinə çevrilən İranın paytaxtı Tehran şəhərindən yalnız hücumların ilk iki günü ərzində 100 mindən çox insan evini tərk edib, yeni rəqəmlər isə hələlik məlum deyil.
O həmçinin bildirib ki, son hadisələrlə əlaqədar İran sərhədlərindən kənara hərəkətlərdə hələlik böyük artım müşahidə olunmayıb.
Livan hökumətinin məlumatına görə, İsrailin ölkəni hədəfə almasının ardından, əsasən suriyalı olmaqla, 30 mindən çox insan Suriyaya keçib. Saltmarş bildirib ki, Əfqanıstan və Pakistanda da daxili köç xəbərləri mövcuddur. Əfqanıstanda təxminən 115 min, Pakistanda isə 3 min nəfər evini tərk edib.
Sözçü həmçinin vurğulayıb ki, təhlükəsiz əraziyə hərəkət etməli və ya sərhədləri keçməli olan bütün mülki şəxslərə təhlükəsiz keçid təmin edilməlidir.
Vural










