Bu Federasiya loqosunu yenilədi
Azərbaycan Voleybol Federasiyasının (AVF) yeni loqosunun təqdimat mərasimi keçirilib.
ERAmedia xəbər verir ki, yenilənmiş loqotip müasirliyi, dinamikanı və Azərbaycan voleybolunun inkişafını simvolizə edir. Yeni vizual kimlik sadə, yaddaqalan və beynəlxalq səviyyədə asan tanınan korporativ üslub yaratmaq məqsədilə hazırlanıb.
Loqotipin mərkəzində voleybol topu yer alır. Yuxarı istiqamətə yönəlmiş dinamik xətlər isə inkişafı, yüksəlişi, qələbə əzmini və idmanın enerjisini ifadə edir. Loqotipdə istifadə olunan mavi, qırmızı və yaşıl rənglər Azərbaycan bayrağının rənglərini əks etdirərək etibarlılıq, inkişaf, həyat və harmoniyanı simvolizə edir.
Loqotipdəki üçrəngli axıcı xətlər hərəkəti, sürəti, komanda ruhunu, voleybol topunun trayektoriyasını, federasiyanın davamlı inkişaf yolunu və ölkənin müxtəlif bölgələrindən olan idmançıların vahid məqsəd ətrafında birləşməsini ifadə edir.
Yeni AVF loqosu Azərbaycanın milli kimliyini, voleybolun dinamikasını və federasiyanın gələcəyə yönəlmiş strategiyasını vahid vizual obrazda birləşdirir. Bununla yanaşı, federasiyanın yenilənmiş rəsmi internet saytı da istifadəyə verilib.










