media-5e046665-e29e-47a0-ae3d-54f29fb8d599
media-bant_master

Dekabrın 24-ü Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür.

ERAmedia xatırladır ki, dövlət başçısının 64 yaşı tamam olur.

İlham Heydər oğlu Əliyev 1961-ci ildə Bakı şəhərində anadan olub. O, 1967-77-ci illərdə Bakıdakı 6 saylı orta məktəbdə, 1977-82-ci illərdə isə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil alıb.

MDBMİ-ni bitirdikdən sonra, 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək “tarix elmləri namizədi” elmi dərəcəsini alıb.

Dövlət başçımız 1985-90-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi kimi çalışıb. 1991-94-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.

1994-cü ildən 2003-cü ilin avqust ayınadək Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. Ümummilli lider Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib.

İlham Əliyev 1995-ci və 2000-ci illərdə Milli Məclisə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. 1999-cu ildə Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.

2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. Bununla əlaqədar deputat səlahiyyətlərinə xitam verilib.

İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkisində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. 2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib. 2008-ci il oktyabrın 15-də keçirilən seçkidə seçicilərin 88.73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2013-cü il oktyabrın 9-da keçirilən seçkidə isə seçicilərin 84.54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2018-ci il aprelin 11-də keçirilən seçkidə İlham Əliyev seçicilərin 86.02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2024-cü il fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar seçkidə seçicilərin 92.12 faizi İlham Əliyevə səs verib.

İlham Əliyev Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir. O, 1983-cü ildə Mehriban Əliyeva ilə ailə həyatı qurub. Leyla, Arzu və Heydər adlı üç övladı və doqquz nəvəsi var.

İlham Əliyev Ali Baş Komandan, qalib sərkərdədir. Onun siyasi qətiyyəti, düzgün strategiyası nəticəsində Azərbaycan öz torpaqlarını işğaldan azad edib.

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək düşmən təxribatlarına qarşı şanlı Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda “Dəmir yumruq” əməliyyatını həyata keçirib. Bu əməliyyatla tarixi Zəfər çalan şanlı Ordumuz ölkəmizin ərazi bütövlüyünü bərpa edib.

2023-cü ilin sentyabrın 19-da isə Ordumuzun keçirdiyi antiterror tədbirləri nəticəsində ölkəmizdə separatizmin kökü kəsilib və Azərbaycan dövləti bütün ərazisi üzərində suverenliyini qəti şəkildə təmin edib.

24 saatdan az müddətdə Ali Baş Komandan İlham Əliyevin qarşıya qoyduğu tapşırıqları uğurla həyata keçirən Ordumuz növbəti misilsiz qəhrəmanlıq nümunəsi göstərərək yenidən tarix yazıb.

İlham Əliyev bu gün qalib Ali Baş Komandan kimi çıxışlar edir və ölkəyə qarşı olan gücləri Azərbaycanla hesablaşmağa çağırır.

Dövlət başçısı antiterror əməliyyatından sonra, demək olar ki, ölkənin bütün bölgələrində səfərlərdə olub. İşğaldan azad edilmiş bölgələrimizdə görülən işlərlə tanış olub, onlarla kəndin təməli qoyulub. Hər zaman xalq arasında olan Azərbaycan lideri sakinlərlə görüşlərdə böyük sevgi və hərarətlə qarşılanıb.

2025-ci il avqustun 8-də isə İlham Əliyev nəinki Azərbaycan, bütün Cənubi Qafqaz üçün vacib olan sənədə imza atıb.

Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidentinin və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünə dair Birgə Bəyannamə imzalayıblar. Bundan sonra İlham Əliyev, Donald Tramp və Nikol Paşinyanın iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətnini paraflayıblar.

ERAmedia kollektivi Prezident cənab İlham Əliyevi doğum günü münasibətilə təbrik edir, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayır!

media-5e046665-e29e-47a0-ae3d-54f29fb8d599

 


media-adspc

Bənzər xəbərlər