Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür - ŞƏRH

Əlövsət Məmmədov,
İqtisadçı ekspert
Prezident İlham Əliyev 18 sentyabr 2024-cü ildə imzaladığı sərəncamla hər il sentyabrın 20-nin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunmasını təsis edilib. Bu əlamətdar günün təsis olunması Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni silahlı dəstələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması ilə bağlıdır. Belə ki, bu gün – sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin erməni sepratçılarından təmizlənməsindən bir il ötür.
Ötən il sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Azərbaycan ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması və ölkənin Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlanılmışdı. Cəmi 23 saat 43 dəqiqə davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Bununla da erməni separatçılar ağ bayraq qaldırmağa məcbur oldular. Qarabağın erməni sakinlərinin nümayəndələrinin o zaman Azərbaycanda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olundu.
Bununla da 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, Azərbaycan hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində separatçıların əsas rəhbərləri həbs olundu. Beləliklə, antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi və Konstitusiya quruluşu bərpa edildi. Bu gün üçrəngli bayrağımız Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində – Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Şuşada, Hadrutda, Laçında, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xocalıda və Xankəndidə dalğalanır.
Bu əlamətdar günün qeyd edilməsi, həmçinin həmin ərazilərdə həyata keçirilən bərpa, tikinti və sosial layihələrin dəstəklənməsi və əhalinin qayıdışının təşviqi istiqamətində mühüm addım olaraq qiymətləndirilir.










