“Bu il 100-dən çox modul tipli məktəb tikiləcək”
Azərbaycanda bu il müxtəlif bölgələrdə 100-dən artıq modul tipli məktəbin tikintisi nəzərdə tutulur.
ERAmedia APA-ya istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, məktəblərin təmiri və yenidən qurulması müəyyən ardıcıllıq və alqoritm əsasında həyata keçirilir:
“Birinci növbədə böyük həcmli məktəbləri təmir etməyə çalışırıq. Çünki bu məktəblər daha çox uşağın təhsil həyatına təsir edir. Buna görə də əsas fokusumuz böyük məktəblərdir. Kiçik məktəblərlə bağlı isə modul tipli məktəblərin tikintisinə üstünlük veririk. Bu il təxminən 100-dən artıq belə modul məktəbin müxtəlif bölgələrdə tikintisi nəzərdə tutulur”, – deyə nazir qeyd edib.










