Bu il Azərbaycan taekvondoçuları beynəlxalq arenada uğurlu nəticələrə imza atıblar
Bu il Azərbaycan taekvondoçuları beynəlxalq arenada uğurlu nəticələrə imza atıblar. Milli komandalarımızın üzvləri bütün yaş kateqoriyaları üzrə Avropa və dünya miqyaslı yarışlarda ölkəmizin idman potensialını bir daha nümayiş etdiriblər.
ERAmedia-nın məlumatına görə, bu sözləri açıqlamasında Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev ilin yekunlarını dəyərləndirərkən deyib.
Onun sözlərinə görə, xüsusilə yeniyetmə və gənc idmançıların nəticələri diqqətəlayiqdir: “Serbiyada keçirilən Gimnaziada Oyunlarında və ölkəmizdə təşkil olunan III MDB Oyunlarında qazanılan çoxsaylı medallar taekvondonun inkişafının bariz göstəricisidir. Avropa birinciliklərində isə müxtəlif yaş qrupları üzrə komandalarımız lider mövqelərdə yer alaraq, ümumi hesabda yüksək nəticələr əldə ediblər.
Gənclər arasında keçirilən Avropa birinciliyində oğlanlardan ibarət milli komandamız birinci yerə layiq görülüb. Eyni zamanda, dünya və qitə səviyyəli yarışlarda, eləcə də İslam Həmrəyliyi Oyunlarında taekvondoçularımız mükafatçılar sırasında yer alıblar. Ümumilikdə, il ərzində 156 medalın qazanılması, onlardan 53-nün qızıl əyarlı olması ölkəmizdə taekvondonun davamlı inkişaf etdiyini və bu idman növünə marağın ildən-ilə artdığını təsdiqləyir”.
Qurum rəsmisi növbəti ildə də əsas məqsədlərinin Azərbaycan taekvondosunun inkişafı istiqamətində işlərin davam etdirilməsi olduğunu söyləyib: “Hədəfimiz bu idman növündə kütləviliyin artırılması, nailiyyətlərimizin yüksəldilməsidir. Bu istiqamətdə yığma komandalarda seleksiya prosesinin daha da təkmilləşdirilməsi, gənc və perspektivli idmançıların əsas komandaya cəlb olunması nəzərdə tutulur. Qeyd edim ki, kiçik yaş qrupları arasında bu növün inkişafına xüsusi diqqət yetirilir. Ümid edirik ki, bu gün aşağı yaş qrupları üzrə milli komanadaların heyətində nailiyyət qazanan idmançılarımız növbəti illərdə böyüklər arasında yarışlarda Azərbaycanı uğurla təmsil edəcəklər”.
N.Paşayev tanınmış taekvondoçu, “Paris-2024” Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Qaşim Maqomedovun bu il müxtəlif beynəlxalq yarışlarda qızııl medal qazana bilməməsinə də toxunub: “Onun yarışlarda daha çox gümüş və bürünc medallara layiq görülməsi ilin əvvəlində aldığı ciddi zədə ilə əlaqəlidir. Məhz həmin zədə Qaşimə yarışlara lazımi idman formasını vaxtında bərpa etməyə maneə yaradıb.
Buna baxmayaraq, Maqomedov zədədən sonra qısa müddətdə bərpa prosesi keçərək ən yüksək səviyyəli turnirlərdə mübarizə aparmağı bacarıb. Qeyd etmək lazımdır ki, həmin yarışlarda rəqabət son dərəcə güclü olub və dünyanın aparıcı taekvondoçuları iştirak ediblər. Ümumilikdə, Qaşim Maqomedovun il ərzində qazandığı nəticələr onun yüksək peşəkarlığını, döyüş əzmini və bərpa prosesindən sonra belə, ən güclü rəqiblərlə uğurla mübarizə aparmaq potensialını açıq şəkildə nümayiş etdirir”.









